Əziz Şərifin 120 illik yubileyi münasibətilə elmi konfrans keçirilib
Naxçıvan, 13 mart,
AZƏRTACXX əsr Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Əziz Şərifin böyük xidmətləri var. Əziz Şərif ölkəmizdə və onun hüdudlarından kənarda görkəmli ədəbiyyatşünas, tərcüməçi və publisist kimi şöhrət qazanıb.
AZƏRTAC
xəbər verir ki, bu fikirlər AMEA Naxçıvan Bölməsində ədəbiyyatşünas-alim Əziz Şərifin 120 illik yubileyi münasibətilə keçirilən konfransda səsləndirilib.
Elmi konfransı giriş bölmə sədri, akademik İsmayıl Hacıyev açaraq Əziz Şərifin həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, ədəbiyyatşünas-alimin adı son yüz ilin tanınmış Azərbaycan ziyalıları arasında xüsusi iftixarla çəkilir.
İsmayıl Hacıyev deyib ki, ədəbiyyatımızın və elmimizin dünyada təbliği və tanıdılmasında alimin müstəsna xidmətləri yüksək qiymətə layiqdir. Azərbaycanın əsas elm və mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərində dünyaya gələn Əziz Şərif burada məşhur maarifçi Məhəmməd Tağı Sidqinin rəhbərlik etdiyi “Tərbiyə” məktəbində təhsil alıb. “Gənc Əziz Şərifin 1905-ci ildə Tiflisə gedərək atası Qurbanəli Şərifzadənin yaxın dostu və məsləkdaşı Cəlil Məmmədquluzadənin ailəsi ilə yaşaması onun gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb edib”, – deyən akademik bildirib ki, məhz həmin illər Əziz Şərifin elmi fəaliyyətində mühüm rol oynayıb.
Elmi konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov “Azərbaycan memuar janrının ustadı” adlı məruzəsində Əziz Şərifin gündəliklərinin və xatirələrinin Naxçıvan Muxtar Respublikasının o dövrdəki ictimai-siyasi və mədəni mühitinin mənzərəsini öyrənmək baxımından əhəmiyyətli mənbə olduğunu qeyd edib.
Filologiya üzrə elmlər doktoru, Əməkdar Elm Xadimi Hüseyn Həşimli “Əziz Şərifin yaradıcılığında tərcümə məsələləri”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev “Mirzə Cəlilin sadiq müridi”, həmin institutun ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Aygün Orucova “Mollanəsrəddinçilikdən mollanəsrəddinşünaslığa” adlı məruzələrlə çıxışlar ediblər.