Mədəniyyət

Əmmanda Novruz bayramı təntənə ilə qeyd edilib

Metbuat.az

Əmman, 21 mart,

AZƏRTAC

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Novruz bayramı şənliyi keçirilib. Bu münasibətlə səfirlikdə açılan bayram süfrəsi arxasında İordaniyada yaşayan soydaşlarımız, vaxtilə Azərbaycanda təhsil almış iordaniyalılar və səfirliyin əməkdaşları ailə üzvləri ilə birlikdə Novruz bayramını qeyd ediblər.


Şənlikdə səfir Sabir Ağabəyov Azərbaycan xalqının novruz bayramına necə hazırlaşmasından, bu bayramın tarixi köklərindən, adətlərindən danışaraq tədbir iştirakçılarını təbrik edib. Səfir Novruzun xalqımızın tarixində xüsusi yer tutduğunu, onun təkcə ölkə daxilində deyil, həm də vətəndən kənarda yaşayan soydaşlarımızın həsrətlə gözlədikləri bir bayram olduğunu vurğulayıb.


Tədbirdə Novruzun simvolu olan xonça bəzədilib, Novruz bayramının Azərbaycanın müxtəlif bölgələrində necə qeyd edilməsi haqqında film nümayiş olunub.


Bayram şənliyi milli musiqimizin sədaları altinda davam etdirilib.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman