Şou

Əjdaha Nadirin "xolodennik"i, yoxsa bizim beynimiz doludur? - FOTO

Metbuat.az
Şəklə baxanda dahi, əjdaha ləqəbli Nadir Qafarzadənin bu dahiyanə, tüklərimizi "biz-biz" edən fikri yadıma düşdü: "Mən kitab oxumuram. Amma gedin bir alimin "xolodennikinə" baxın, bir də mənim. Görün hansı doludur"
 
Əslinə qalsa, Nadirin fikirlərində böyük həqiqət vardır. Bu cümləni söyləyərkən bilmədən də olsa, xalqımın intellektual baxış tərzinin və həyatında önəm kəsb edən nüansların müasir durumunu göstərmiş oldu. Bu cümlədən qeyd etdiyim kimi, iki önəmli həqiqəti ayırd etmək olar:
 
1) Müasir dövrdə ölkəmizdə kitab oxuyan kütlənin (alim nəzərdə tutur) maddi vəziyyətlərinin digər insanlardan kəskin dərəcədə fərqlənməsi, yaşayış şəraitlərinin çox aşağı səviyyədə olması, son dövrlərdə dövlət tərəfindən ziyalı kütlənin yaşayış şəraitinin yaxşılaşdırılması, verilən təqaüdlərin arıtırılması istiqamətində addımlar atılsa da, müəyyən insanların bundan sui-stifadə etməsi və xalqımın biganəliyi ucbatından, hələ ki öz müsbət bəhrəsini verməkdə gecikir.
 
2) Böyük bir kütlənin baxış açısı intellektual istiqamətdən savayı, Aygünün qarderobunda nələr saxladığını, gənc müğənnilər arası qalmaqalın nə vaxt bitəcəyi, Röyanın bostanına kimin daş atdığı maraqlandırır. Yəqin ki, söhbətin nədən getdiyini anladınız - şou-biznesdən. Bu sıraya, sadəcə, şou-biznesi əlavə etmək istəmirəm. Bura, həmçinin əyləncə, vaxt öldürmə, mənasız müsabiqə və s. xarakterli, insanı kitabdan, yaradıcılıqdan, hər cür intellektual prosesdən uzaqlaşdıran televiziya proqramlarını, tədbirləri, media orqanlarını, qəzet və jurnalları da aid edirəm. Heç kimə sirr deyil ki, insanlar bu sahələrdə çalışan, fəaliyyət göstərən insanlara daha çox önəm və diqqət ayırır, sevir, dəstəkləri ilə onları daha da məşhur və varlı edirlər. Toylarda "bir-iki ağız" oxumaqla öz çörək pulunu qazanan Nadirin xalqımın ona verdiyi dəstəyə arxalanaraq "mənim xolodennikim alimlərinkindən doludur" deməsi xalqımın onu gələcəyə aparan, inkişafında əsas pay sahibi olan ziyalı təbəqənin dəyərini "mikrofon tutanlardan" aşağı gördüyünü deməyə çalışması, faktiki olaraq xalqımı axmaq yerinə qoyması da bundan irəli gəlir. Şou-biznes əhlinə marağın çox olması qazancalarının çox olmasına, özlərini illərlə hər cür kitabın içində bilgi axtaran, özünü elmə, mədəniyyətə, maarifə həsr edən, xalqın gələcəyi üçün çalışan insanlardan yüksək saymalarına səbəb olur. Məncə, artıq xalq humanist, üzüyola olmağa davam etməməli, dəyəri ən çox kimin haqq etdiyini göstərməli, bu tip ifadələr işlədən, xalqı alçaldan insanlara öz yerini göstərməlidir.
 
Bu şəkil də təximini eyni situasiyanı ifadə edir. Bu şəkli "ideoloji nihilzm"in bir göstəricisi kimi qəbul etmək olar. Yəni, hərəkət (eylem) ilə düşüncənin (daxilin) uyğunsuzluğu, boşluğu. Sizcə, bu şəkildə "mənə kitab al" deyən insanların neçəsi dərslik kitabından başqa bir kitab oxuyub? Bir çoxu bəlkə heç onu da oxumayıb. Amma çox kitab oxuyan, sevən, xalqın "ziyalı təbəqəsi" kimi çıxış edərək xalqı kitab oxumağa dəvət edirlər. Bu, cinayətkarın insanları qaydalara riayət etməyə dəvət etməsinə bənzəyir. Təəssüf ki, bu gün bütün sferalarda vəziyyət budur, ideoloji nihizlim hökm sürür. Bir çox insan, əslində, özünün etmədiyi, olmadığı bir mövzu ilə bağlı insanlara "dərs keçir", məsləhət verir: siyasətçisi düzlükdən, cinayətkarı qanundan danışır. Bunun qarşısını almaq üçün isə tək yol maariflənmədir. Kitablardan, həyatdan, özgə mədəniyyətlərdən aldığımız bilik və dünya görüşü ilə gözlərimizi açmalı, gələcəyimiz, övladlarımızın həyatı üçün nəyin və kimin daha önəmli yerə sahib olduğunu anlamalıyıq.
 
Şəkilə əlavə qeyd: İnsanları kitab oxumağa dəvət etmək lazımdır. Amma bunu ömrü boyu 1-2 "Ahmet Batman" tipli kitabdan başqa bir şey oxumayan, müğənni, şou-biznes əhli insanları yox, həqiqətən kitaba lazımı dəyəri verən, ziyalı nəsil etməlidir. Çünki bu cür çağırışa baxan insan düşünəcək ki, mənim kitab oxuyan insanım bu intellektual səviyyədədirsə, onda heç oxumamaq məsləhətlidir. Təbi ki, bu şəklin reklam xarakterli, xalqımızın şou-biznesə olan marağının nəzərə alınması ilə edildiyi məlumdur. Tanınmış simanın dəvət etməsinin daha təsirli olacağını düşünüblər. Lakin unudulmaması gərəkən bir məqam var: rəssam rəsm çəkməyə, ziyalı kitab oxumağa, siyasətçi siyasətə və müğənni musiqiyə dəvət etməlidir. "Həftəbecər" etməyin, aləmi bir-birinə qarışdırmağın heç kimə bir yararı olmayacaq... Ümumilikdə isə, bu tip aksiayaları dəstəkləyir və alqışlayıram. İnsanları maarifə, təhsilə dəvət edən hər cür layihə, təşəbbüs təqdirə layiqdir, daha da artırılmalıdır.

Fərid Rüstəmzadə
Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.