Sosial

Çoxmənzilli binaların yeni idarəçiliyi özünü doğruldurmu?

Metbuat.az
Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri özlərini tam təsdiq edə bilmirlər

Mənzil Məcəlləsindəki yeniliklərdən irəli gələrək, İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) tərəfindən çoxmənzilli binaların idarə edilməsində bir sıra yeniliklər tətbiq olunub. Yerli icra hakimiyyətləri və bələdiyyə orqanları ilə aparılan müzakirələr, eləcə də ayrı-ayrı çoxmənzilli binaların sakinləri ilə keçirilən görüşlər nəticəsində paytaxt Bakı ərazisində bir neçə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri (MMMC) təsis olunub. Pilot layihə kimi ilk dəfə Binəqədi rayonundakı S.S.Axundov 4 və İbrahimpaşa Dadaşov 90 və 91a ünvanında yerləşən çoxmənzilli binalarda yaradılan “Binəqədi-1” MMMC Ədliyyə Nazirliyində dövlət qeydiyyatına da alınıb. Bunun ardınca Yasamal, Nəsimi və Səbail rayonlarında da MMMC-lər yaradılaraq, ümumilikdə 7-si dövlət qeydiyyatından keçib. Ümumilikdə isə paytaxt Bakıda 20-dən çox MMMC-nin təsis olunaraq dövlət qeydiyyatına alınması üçün müvafiq işlər aparılmaqdadır.



Çoxmənzilli binaların idarəedilməsində yeni addım olan bu MMMC-lərin əhəmiyyəti ilə bağlı “

Kaspi

”nin sorğusunu cavablandıran İSN-in mənzil-kommunal siyasəti şöbəsinin müdiri

Nizami Qasımov

bildirib ki, nazirlik tərəfindən çoxmənzilli binaların idarə edilməsi ilə bağlı mütəmadi olaraq ölkənin iqtisadi rayonları üzrə müxtəlif tədbirlər təşkil olunur, Mənzil Məcəlləsindəki yeniliklər və yeni idarəetmə üsullarının üstünlükləri barədə məlumat verilir. Şöbə müdiri Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binaların, o cümlədən binalardakı ümumi əmlakın saxlanması və normal istismarı sahə mülkiyyətçilərinin əsas vəzifələrindən biri hesab olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, nazirlik tərəfindən aparılan maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, Bakı şəhərində çoxsaylı MMMC-lər təsis olunub, onların dövlət qeydiyyatına alınması üçün işlər görülüb. Onun sözlərinə görə, əvvəlki Məcəllə ilə müqayisədə prinsipial fərqindən biri çoxmənzilli binanın ümumi əmlakının mülkiyyətçilərə, yəni sakinlərə məxsus olması və onun istismarı və saxlanması məsələləridir. Ona görə də yaradılmış MMMC vasitəsilə sahə mülkiyyətçiləri mənzil hüquqlarını öz mülahizələrinə görə və mənafeləri üçün həyata keçirir, ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verirlər.



N.Qasımovun deyib ki, beynəlxalq təcrübədə MMMC kimi yeni idarəetmə üsullarının tətbiqi ilə bu sahənin dövlətdən asılılığı aradan qaldırılır və sakinlər qanunvericiliklə onların hüquqlarına aid olunmuş məsələləri bilavasitə həyata keçirir, öz tələbatları nəzərə alınmaqla binanın saxlanması, kommunal xidmətlərin göstərilməsi ilə bağlı məsələləri özləri həll edirlər: “Bu, sakinlərin bir sıra narazılıqlarının aradan qaldırılmasına, onların problemlərinin səmərəli həllinə səbəb olur. MMMC-nin yaradılmasının əsas müsbət cəhəti sahə mülkiyyətçilərinin idarəetmə siyasətinə təsir etmə və nəzarət imkanının olmasıdır. MMMC bütün məsələlərini, o cümlədən idarəetmə üsulunun seçilməsi və yaşayış sahəsinin saxlanması haqqının miqdarının müəyyən olunmasını ümumi yığıncağın qəbul etdiyi qərar əsasında həll edir. Digər bir müsbət cəhət binanın normal saxlanması üçün xərclərin ödənilməsi məqsədilə çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan əmlakından istifadə etmək imkanları və idarəetmə siyasətinin nizamlı həyata keçirilməsidir. Eləcə də, sahə mülkiyyətçilərinə məxsus çoxmənzilli binaya cavabdeh şəxsin olması, səliqəli liftlərin, təmiz pilləkənlərin, sanitar-epidemioloji qaydalara cavab verən uşaq meydançalarının, həyətdə zövqlə salınmış yaşıllığın mövcudluğu, istirahət guşələrinin və digər bu kimi abadlıq xüsusiyyətlərinə malik şəraitin olması sakinlərin yaşayış şəraitinin yaxşılaşmasına səbəb olmaqla, onların əhvalı-ruhiyyəsinə də müsbət təsir edir”.



Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Ramiz Göyüşov

hazırda Binəqədi rayonunda 7 MMMC-nin təsis olunduğunu, onlardan 4-nün Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini bildirib. Bu MMMC-ləri mənzil idarəçiliyinin yeni forması kimi qələmə verən şöbə müdiri deyib ki, yeni təsisatlar vasitəsilə mənzil sahibləri qanun çərçivəsində öz binalarını sərbəst şəkildə idarə edə bilirlər: “2009-cu ildə Mənzil Məcəlləsi qəbul olunub. Həmin Mənzil Məcəlləsinə əsasən, binaların dam örtüyü, zirzəmisi, fasadı, lifti, bir sözlə, ümumi istifadə yerləri birbaşa vətəndaşların mülkiyyətinə verilib. Buna qədər həmin ümumi istifadə yerləri dövlətin mülkiyyətində idi. İndi isə vətəndaşlar birbaşa öz mülkiyyətlərini idarə etmək hüququ əldə ediblər. Yeni idarəetmə formasında da əsas məqsəd budur ki, vətəndaşlar öz binalarını sərbəst idarə edə bilsinlər. Bunun müsbət və mənfi tərəfləri var. Müsbət hal budur ki, vətəndaş öz mülkiyyətinin sahibidir və onu idarə edir. Binanın təmirindən başlamış, tullantıların atılmasına, məhlədə abadlığın aparılmasına və sairə kimi hər şey bina sakinlərin istəyi ilə reallaşır. Mənfi tərəfi isə budur ki, həmin binaların əksəriyyətində görüləsi işlər çoxdur. Uzunmüddətli istismardan sonra binalarda bərpa işləri üçün müəyyən vəsait lazımdır. Düzdür, mənzil fondunun daha da yaxşılaşması üçün dövlət tərəfindən də müvafiq işlər görülür. Misal üçün, Binəqədi rayonunda bir çox binaların fasadları, dam örtükləri və zirzəmi qatlarında, kommunikasiya xətlərində təmir-bərpa işləri aparılıb, binaların həyətlərində müasir parklar salınıb. Bəlkə də Binəqədi rayonunda MMMC-lərin çox olması bilavasitə bununla bağlıdır. Lakin bununla belə, bir sıra işlər də görülməlidir. Xüsusən də qanunvericilik bazası daha da təkmilləşdirilməli, bəzi məsələlərə aydınlıq gətirilməlidir”.



Binəqədi rayonundakı S.S.Axundov 4, İbrahimpaşa Dadaşov 90 və 91a ünvanında yerləşən çoxmənzilli binalarda yaradılan və Ədliyyə Nazirliyində qeydiyyata alınan “Binəqədi-1” MMMC-nin sədri

Zakir Quliyev

yeni idarəetmə üsulunu ilk dəfə Rusiyada müşahidə etdiyini, sonradan Azərbaycan qanunvericiliyinin imkanlarından yararlanaraq yaşadığı rayonda da eyni cür qurum yaratdığını dilə gətirib: “Yaşadığım binanın sakinləri ilə görüş keçirdik, söhbət apardıq və vəziyyəti izah etdik. Təxminən bir ilə yaxın müzakirələrin nəticəsində təşəbbüs qrupu yaradaraq, 3 binanın daxil olduğu belə bir MMMC təsis etdik. Hazırda quruculuq işləri ilə məşğul oluruq. MMMC-nin daha geniş çərçivədə fəaliyyət göstərməsi üçün müvafiq qanun qəbul edilməli, yeni idarəetmə üsulu ölkə miqyaslı xarakter almalıdır. Bununla bağlı təkliflərimizi Milli Məclisin Regional Məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadəyə də təqdim etmişik. İnanırıq ki, sözügedən məsələ Milli Məclisdə müzakirə ediləcək və müvafiq qanun layihəsi qəbul olunacaq”.



Əmlak Ekspert Mərkəzinin direktoru

Ramil Osmanlı

isə düşünür ki, Azərbaycanda hələlik bu məsələ gözlənilən nəticəni verməyib. Onun fikrincə, Bakıda MMMC-lərin bir neçəsi qeydiyyatdan keçsə də, onların normal fəaliyyəti müşahidə olunmur. Ekspert bunun səbəbini qanunvericilikdəki boşluqlarla əlaqələndirib: “Mənzil Məcəlləsində mənzil idarəçiliyinin əsas elementlərindən biri kimi göstərilən MMMC-lər bu gün mənzil istismar sahələrinin təsirindən çıxa, özlərini əhaliyə tanıda bilməyiblər. ona görə də bu prosesdə konkret nəticə əldə edilməyib. Lakin, zamanla bu problemin də aradan qalxacağına ümid edirəm. Beynəlxalq təcrübədə MMMC-lərə kifayət qədər fundamental yanaşılır. Bunun Avropa və MDB ölkələrində müxtəlif modelləri var ki, effektli nəticələr verib. Misal üçün, Almaniya və Türkiyədə MMMC-lər özlərini doğruldub”.



Yazını hazırlayarkən ərazilərindəki MMMC-lərlə bağlı Yasamal, Nəsimi və Səbail rayon icra hakimiyyətlərinə də müraciət etdik. Bu işə birbaşa məsul olan şəxslərlə danışıb, onların da rəylərini öyrənmək istədim. İcra hakimiyyətlərindən əlaqə telefon nömrələrmi qeyd edib götürdülər və iş günün sonuna kimi zəng vurub məlumat verəcəklərini söylədilər. Lakin iş gününün sonuna kimi hər hansı məlumat ala bilmədik.



Kaspi.az