Dünya

Con Kerri Bəşər Əsədlə danışıqların vacibliyini etiraf edib

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

ABŞ-ın dövlət katibi Con Kerri ölkəsinin Suriyadakı konfliktin sona yetməsi üçün Prezident Bəşər Əsədlə danışıq aparmalı olduğunun vacibliyini bəyan edib.


AZƏRTAC

İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət katibi martın 15-də CBS telekanalına müsahibəsində ABŞ-ın Bəşər Əsədi ölkəsində vətəndaş müharibəsinin dayandırılması ilə bağlı danışıqlara məcbur etmək üçün əlindən gələni etdiyini bildirib. Onun sözlərinə görə, bütün tərəflər münaqişənin güc yolu ilə həllinin mümkün olmadığını başa düşür. “Lakin Bəşər Əsədi danışıqlara cəlb etmək üçün siyasi həll yolunu axtarmağa hazır olduğumuzu sübut etməli və bununla da onun fikrini dəyişməliyik” – deyə Con Kerri əlavə edib.


Dəməşq hələ ki, ABŞ-ın dövlət katibinin sözlərinə reaksiya verməyib.


Bu günə qədər Vaşinqton Bəşər Əsəd hakimiyyətinin legitim olmadığını dönə-dönə bəyan edir və onu öz postundan getməyə çağırırdı. Con Kerri hətta bir neçə gün bundan əvvəl Suriyada hakimiyyəti dəyişmək üçün Əsəd rejiminə qarşı hərbi təzyiq edilməsinin mümkünlüyündən danışırdı.


Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi artıq dörd ilə yaxındır davam edir. Münaqişə zamanı, müxtəlif hesablamalara görə, 220 minə qədər insan həyatını itirib. Bundan başqa, indiyə qədər Suriya ərazisinin təxminən 1/3 hissəsi terrorçu İŞİD qruplaşmasının nəzarətinə keçib.