Mədəniyyət

"Bu sirr açılsa, dünya alt-üst olar" - VİDEO - FOTO

Metbuat.az

Çoxdandır şəxsən tanımaq istədiyimiz insan əlində qavalı ilə birlikdə qarşımızda bardaş qurub oturmuşdu. Sakit, təmkinli, təvazökar, istiqanlı və HÜZURLU idi. Söhbətləşdikcə gördük ki, bu hüzur onun canına-qanına təkcə oxuduğu mahnılardan hopmayıbmış. Əksinə, mahnılarındakı hüzur

Novruz Novruzlu

nun ürəyindən axıb gəlir, çünki o, oxuduqca özü olur, çünki o, özü dediyi kimi, oxumur, zikr edir...



Beləliklə, danışır və oxuyur uzun, incə yolların yolçusu, “Savalan” mistik qrupunun rəhbəri Novruz Novruzlu:



Dünyaya Ordubadda göz açmışam. Anam evdar qadın olub, çox gözəl insan idi. Atam 5 yaşım olanda rəhmətə gedib. Ailədə sonuncu övladam. Özümdən böyük bacı və qardaşlarım rəhmətə gedib. Biz niyəsə gənc köçürük dünyadan. İndi bircə bacım var.



Uşaqlıqdan musiqiyə meylliyəm. Uşaqlığım elə də yadımda deyil. Ancaq bir onu bilirəm ki, uşaqlıqdan axtarışdayam. Yadımdadır ki, balaca olanda rayona gedərdim, qalxardım dağın başına, Araz çayına baxardım, ey o tərəflərə... Çox qəribədir ki, o dağda bir mağara var idi. Elə olardı ki, iki gündən bir qaçardım o mağaraya, oturub düşünərdim ki, insan nədir? Həmişə gəlib anamdan soruşardım, anam da deyərdi ki, bu, sənin yaşına aid deyil. Axı necə olur, doğul, dünyaya gəl, öl, qurtardı getdi. Yəni onda elə bilirdim, öləndən sonra hər şey bitir. Axtarışın özü xoşbəxtlikdir. İnsan var ki, heyvandan fərqi yoxdur, yeyir, içir, vəssalam. Amma Allah insana ürək verib, onu mükəmməl yaradıb və özünə çağırır. Dünyaya gəlişimizdəki məqsəd də Onun yanına hazırlaşmaqdır. Sınaqdır...



Mövlanə həzrətlərinin bir sözü var. Deyir, bütün suallar da sənindir, cavablar da. Sadəcə, bizdən istifadə edirsən. Heç nə itmir, bütün informasiyalar əvvəldən var imiş. Kim buna layiqdirsə, o informasiyanı ala bilir. Kimin nəsibində varsa...



Bu, mənə nə qədər nəsib olub, onu desəm, səmimi olmaram. Hər bir insan içində bilir ki, nədir, nə görür, nə bilir. Amma hər şey vicdandan keçir. İnsan vicdanı ilə səmimi olanda vicdanı ona hər şeyi deyir. Biz bütün dünyanı aldada bilərik, amma vicdanımızı yox...



Hələ özümü hansısa bir məqama, kamilliyə çatmış hiss etmirəm. İnsan ömrünün sonuna qədər axtarır. Bu axtarışın sonu yoxdur. İnsan əsas özünü axtarır, öz düşüncəsiylə öz ssenarisini özü yazır.



Şəriət əhli deyir ki, musiqi haramdır. Amma səs Allahın insana hədiyyəsidir və insan ruhuna, mənəviyyatına qulluq edən heç bir şey haram deyil. Mövlanə deyir, Allaha gedən çox yol var, mən onların içində səmayla musiqini seçdim. Musiqinin ahəngində elə bir sirr var ki, açsan, dünya alt-üst olar.



Mahnı oxuyan anda insan Allaha daha yaxın olur, çünki səs Yaradanla bizim aramızda gözəl vasitə olur. Allah hər yerdə, hər nəfəsimizdə, hər fikrimizdədir. Oxuyan anda səmimisənsə, Allaha çatmaq üçün musiqinin təsiri böyükdür.



Mən musiqiyə zikr kimi, ibadət kimi baxıram. Bu musiqiləri oxuyanda nələrsə baş verir, bu aləmdə olmursan. Hər musiqinin rəngi ayrı, ətri ayrı, halı ayrıdır. Gərək həmin an özünü boş buraxasan, nə olur-olsun...



Namaz qılıram, amma əsas olan nə baş verdiyini bilmək, duymaqdır. Elə adam var ki, hər anı namazdır. Elə adam da var ki, namaz qılır, əyilir-durur, amma nə baş verdiyini bilmir.



Hüzuru, gözəlliyi içimdə tapmağa çalışıram. Təbiətə çox bağlıyam, çünki təbiət daha səmimidir, safdır, doğmadır. İnsanın özünü tapmağına kömək edən təbiətdir. Axı insanlar, düşüncə dəyişib, niyyətlər bəsitləşib.



Gözəl dostlarım var. Amma insan gözəlliyi içində yaxalaya bildisə, həmişə hüzurlu olur. Gözəl dostun yanında olanda belə içindəki halınla olmasan, o gözəl dostu da görə bilməzsən. Əsas insanın özüdür.



İçimi çox dinləyirəm. Amma nə eşitdiyimi deyə bilmərəm, onda məhrəmliyi pozular.



Oxuduğum mahnılardan həyata qədər olan məsafə uzaq deyil. Mən elə qaynar həyatda da o musiqinin halındayam. Hər ikisində özüməm.



Maddiyyatla mənəviyyat balansda olmalıdır. Dolanışıq dərdi, qayğılar bizi o musiqinin ruhundan qoparmır. Biz heç vaxt pul dalınca qaçmamışıq. Pul dalınca gedəndə də sən sənləsən. Hər şey sənin içinin vəziyyətindən asılıdır. İnsanı özündən heç nə ala bilməz, özü istəməsə...



Tələbə vaxtı İslam dini qadağan idi. O vaxtlar yoqa ilə məşğul olurdum. Səhərlər 45 dəqiqə musiqiylə müəyyən hərəkətlər edirdim. Ya da şama baxıb meditasiya edirdim. Ancaq namaz olan yerdə, təbii ki, bunlar hamısı boşdur.



Mən bədbinçiliyin əleyhinəyəm. 25 ildir, “Ağla qərənfil, ağla” deyirik. Ağlamaq lazım deyil. Kaş ki, elə bizə də elə ölüm, şəhidlik qismət olsun. 1-2 il ağladın, bəsdir, güc topla özündə, irəli get. Bizim millət ağlamağa meyllidir, amma əvvəllər heç də belə olmamışıq.



Ötən il dostumun qızının toyu idi. Məmməd Arazın qardaşı nəvəsinin toyu. Məni də dəvət eləmişdilər. Dəvət eləyəndə dedim, nə olur-olsun gələcəm. Toyu olacaq qız dedi ki, əmi, nə olsa da, gələcəksiniz? Dedim, hə, gələcəm. Qismət... Həmin gün qızım dəm qazında boğuldu. 18 yaşı vardı. Oturdum, fikirləşdim, dedim, söz vermişəm, getməliyəm. Getdim. Toydan gələndən sonra dostum hadisədən xəbər tutub zəng vurdu ki, mən sənə söz tapa bilmirəm, sən necə adamsan?.. Heç nə demədim...



***



“Savalan” - ucalıq, saflıq deməkdir. Savalan dağının mistik tərəfləri də var. Babəklə bağlılığını da deyirlər, hansısa imamın orda qeyb olduğunu da. 10 ildən çoxdur ki, “Savalan” qrupu var. 90-cı illər hadisələrindən sonra içimiz rahat olsun deyə yığılıb özümüz üçün oxuyurduq. Beləcə, yavaş-yavaş qrup yarandı.



Əvvəllər 5-6 saat özümüz üçün oxuyardıq. Ancaq artıq zaman o zaman deyil. İndi bir az maddiyyat, bir az başqa iş-güc baş qatır, əvvəlki rahatlıq yoxdur. Təkcə konsert üçün lazım olanda yığılırıq.



Əvvəllər “Yuğ” teatrında Yunus Əmrə məclisləri təşkil edirdik. Teatrın rəhbəri rəhmətlik Vaqif İbrahimoğlu deyirdi ki, sizin üçün hər hansı bir ssenari qurmaq günah olar. Nə tamaşa, nə konsert... Ona görə sizi sizə buraxıram, söhbət eləyin. Bu söhbət də, demək olar ki, meditasiya, təfəkkür tamaşası idi. Məsələn, saat yarım ərzində insan özünə qayıdırdı.



Biz son zamanlarda elə bil özümüzdən uzaq düşmüşük. O tamaşalarda isə insan özüylə olur. Düşünür: bu dünyaya niyə gəlmişik, yaşam nədir, gəlişdəki məqsəd nədir, ümumiyyətlə, insan nədir? Əvvəl ancaq milliyətçi mahnılar oxuyurduq. Ancaq “Yuğdan sonra bizi İlahi musiqilər oxuyan kimi qəbul elədilər. İndi də harda oxuyuruqsa, birinci İlahi mövzuda oxuyur, Allaha təşəkkürümüzü bildiririk, sonra digər mahnılarımıza keçirik.



Azərbaycanda bizə qədər təsəvvüf musiqisi oxuyan olmayıb, bizimlə yaranıb. Repertuarımızda türkülər, xalq mahnıları, bəstəkar mahnıları, italyan mahnılarına qədər var. İstəyirik ki, caz da hazırlayaq. Musqinin janrının fərqi yoxdur, əsas öz içinin münasibətidir.



Türklər təsəvvüf musiqilərini daha yaxşı qəbul edirlər. Bizdə hüzur yoxdur, içimizdə rahatlıq yoxdur. Burada bir adam beş dəqiqə rahat otura bilmir, mütləq nəsə deməlidir. Türkiyədə Mövlanə tədbirlərində olmuşuq. Bütün dinləyicilər sakit oturur, bir saatdan çox ancaq içləriylə olurlar. Biz o içimizdən uzaq düşmüşük. İçimizə girəndə gözəllik tapa bilmədiyimizə görə ora girmək istəmirik.



Türkiyəyə çox dəvət alırıq. Hətta bizə “türk casusu” da deyirlər. Guya ki, biz onlara işləyirik.



Sevinc Fədai
Milli.Az





Videonu izləmək üçün şəkilə klikləyin.



Foto, video: Elnur Muxtar