Mədəniyyət

“Bölgələrdən paytaxta” layihəsi bu dəfə Qubaya həsr olunacaq

Metbuat.az

Bakı, 30 mart,

AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir.


Layihə çərçivəsində Qubaya həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi (BŞMTİ), Quba rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 6-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçiriləcək.


BŞMTİ-dən

AZƏRTAC

-a bildiriblər ki, layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixini, müasir zənginliklərini və regionların adət-ənənələrini əks etdirən dekorativ-tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək.


Aprelin 21-də Şəki, il ərzində isə Lənkəran və Gəncə şəhərlərinin, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının mədəniyyətini əks etdirən tədbirlər keçiriləcək. Tədbirlərdə hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş təqdim olunacaq.