Mədəniyyət

“Bizim Teatr Festivalı-2” başlayıb

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Martın 11-də Milli Teatr Günü münasibətilə “Bizim Teatr Festivalı-2”nin açılışı olub.


AZƏRTAC

xəbər verir ki, “Bir teatr, bir festival” layihəsi çərçivəsində reallaşan festival Bakı Uşaq Teatrının təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilati dəstəyi ilə keçirilir.


Azərbaycan Teatr Xadimləri İttifaqının binasında keçirilən açılış mərasimində AXTİ-nin sədri, xalq artisti Azərpaşa Nemətov “Mustafa Mərdanov səhnəsi” barədə məlumat verərək bildirib ki, ilk dəfədir bu səhnədə festival keçirilir. O, bir neçə gün davam edəcək festivala uğurlar arzulayıb.


Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan festival çərçivəsində 4 gün müddətində bir-birindən maraqlı tamaşaların nümayiş olunacağını bildirib, hər gün müxtəlif mövzularda çıxışlar və müzakirələrin olacağı qeyd edib.


Sonra teatrının aktyoru Ruslan Adgözəlovun ifasında muğam səsləndirilib.


Tədbirdə İntiqam Soltan “Çağdaş Azərbaycan teatrında uşaq teatrının yeri” mövzusunda məruzə ilə çıxış edib.


Sonra insan alveri mövzusunda teatrın hazırladığı "Günahsız günahkarlar" tamaşasının anonsu təqdim edilib.


Daha sonra festivalın ilk tamaşası göstərilib. Elçin Hüseynbəylinin “Oyun” əsəri əsasında Rəşad Nurinin hazırladığı tamaşada baş rolları Niyaz Qasımov və Könül Şahbazova ifa edib.


Qeyd edək ki, festivalın ikinci günündə Tuncer Cücenoğlunun “Bir yoxsul olsaydım” tamaşası nümayiş etdiriləcək. Bu, İlhamə Əhmədovanın quruluşunda Kəmalə Mustafayeva ilə Şahin Kazımovun oynayacağı tamaşadır. Həmin günün məruzəçisi xalq artisti Hacı İsmayılov olacaq. Üçüncü gün Cəfər Cabbarlının “Əhməd və Qumru” hekayəsi əsasında İntiqam Soltanın quruluşunda “Qucaqla məni” tamaşası göstəriləcək. Martın 14-də isə himnə və bayrağa həsr olunmuş, Ayşad Məmmədov və İntiqam Soltanın quruluşunda hazırlanmış, Niyaz Qasımov, Cavanşir Məhərrəmov və Rauf Hüseynlinin ifasında sözsüz “Vətən” tamaşası nümayiş olunacaq və bununla da festival yekunlaşdırılacaq. Həmin günün məruzəçisi Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov olacaq.


Martın 14-dək davam edəcək festivalda təqdim olunacaq tamaşalar AXTİ-nin “Mustafa Mərdanov səhnəsində” göstəriləcək.