Bişkekdə Azərbaycan musiqisi bayramı keçirilib
Bişkek, 18 mart,
AZƏRTACAzərbaycanın Qırğızıstandakı səfirliyi “Roza Otunbayeva Təşəbbüsü” Fondu ilə birgə Bişkek şəhərindəki Kalıy Moldobasanov adına Milli Konservatoriyada “Musiqi xalqın ürəyidir” adlı Azərbaycan musiqisi bayramı keçirib.
Tədbirdə Qırğızıstan Hökumətinin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, elm, təhsil və yaradıcılıq təşkilatlarının təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səslənib, ölkəmizdən bəhs edən sənədli film nümayiş etdirilib.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ölkəmizin musiqi mədəniyyətinin qədim və zəngin tarixi haqqında məlumat verib. Qeyd olunub ki, hələ min yüz il bundan əvvəl qələmə alınmış möhtəşəm tarixi yazılı abidəmiz olan “Kitabi Dədə Qorqud” eposunda müxtəlif musiqi alətlərimizin adları çəkilir, ifaçılıq epizodları təsvir edilir. Səfir Azərbaycan musiqisinin keçdiyi yol, klassik musiqimizin yaranması, inkişafı barədə söhbət açıb.
H.Orucov qırğız xalqının da musiqi sahəsində zəngin irsə malik olduğunu qeyd edib. Bildirib ki, bu tədbirin əlamətdar olmasının bir səbəbi də türk dünyasında qeyd olunan möhtəşəm Novruz bayramı ərəfəsində keçirilməsidir.
Səfir vurğulayıb ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də humanitar istiqamətdə inkişaf edir və bu xətt Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.
Qırğızıstanın mədəniyyət, turizm və informasiya naziri Altınbek Maksutov deyib ki, bu tədbir vasitəsilə qardaş Azərbaycan xalqının musiqi mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanımız olacaq. O, belə yüksək səviyyəli tədbirin təşkilinə görə Azərbaycan səfirliyinə, xüsusilə Hidayət Orucova təşəkkürünü bildirib.
Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Əziz Əliyev soydaşlarımızın bu torpaqlara sürgün olunması haqqında danışıb. “Roza Otunbayeva Təşəbbüsü” Fondunun icraçı direktoru Doktorqul Kenderbayeva və Qırğızıstan Xalqları Assambleyasının prezidenti Bektemir Murzuibraimov belə ədəbi gecələrin bir-birimizi daha yaxından tanımağa xidmət etdiyini vurğulayıb.
Sonra Novruz bayramının Azərbaycanda necə qeyd olunmasını əks etdirən səhnələr göstərilib, videomateriallar nümayiş etdirilib. Tədbir iştirakçılarına Novruz şirniyyatları və səməni təqdim olunub.
Azərbaycanın xalq artisti Mələkxanım Əyyubova Azərbaycan mahnı və təsniflərini ifa edib. Onu xalq artistləri Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança) müşayiət ediblər. Qırğızıstanın tanınmış müğənniləri, Bişkekdəki Opera və Balet Teatrının solistlərinin ifasında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşin mal alan” operettasından duetlər ifa olunub. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs qrupları, Qırğız-Türk “Manas” Universitetinin Türk Dünyası Orkestrinin ifasında Azərbaycan mahnıları da ifa edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek