Mədəniyyət

Belçikanın Ham şəhərində Novruz bayramı qeyd olunub

Metbuat.az

Brüssel, 23 mart,

AZƏRTAC

Azərbaycan – Belçika Dostluq Cəmiyyəti və Belçikanın Ham şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə Ham şəhərində Novruz bayramı qeyd olunub.


Tədbirdə Belçika – Boliviya Yardımlaşma Təşkilatı, Gent Türk Ocağı, Benilüks Türkmən Təşkilatı, eyni zamanda, Ham Bələdiyyəsi nəzdində fəaliyyət göstərən, Belçika, Hollandiya, Əlcəzair, Peru və Mərakeş qruplarının rəhbər və üzvləri iştirak ediblər.


Bayram tədbirində Ham şəhərinin Bələdiyyə rəisi Dirk De Vis, Azərbaycan – Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçi, Ham Bələdiyyəsinin inteqrasiya şöbəsinin rəisi Yasemin Soysal və bələdiyyə sədrinin müavinləri Samia Çikimi və Danielle Biesemans, Benilüks Türkmən Təşkilatının rəhbəri Menqli Rahimi, Gent Türk Ocağının sabiq rəhbəri Receb Tuncer Sarı çıxışlarında tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik ediblər.


Azərbaycanın Belçikadakı səfirliyin birinci katibi Əli Əliyev tədbirdə çıxış edərək, səfir F.İsgəndərovun tədbir iştirakçılarına ünvanladığı təbrik mesajlarını çatdırıb.


Tədbirdə Azərbaycan musiqisi sədaları altında milli rəqslərimiz ifa edilib və bayram süfrəsi açılıb. Azərbaycan Prezidenti İlham Əliyevin öz ailə üzvləri ilə birgə Bakıda Novruz şənliklərində iştirakından bəhs edən videoçarx nümayiş etdirilib.


Tədbir Belçikada fəaliyyət göstərən VRT 2 radiokanalı, “Het Belang Van Limburg” qəzeti, “Belçika Haber” jurnalı və “BelTürk” xəbər portalında geniş şəkildə işıqlandırılıb. Keçirilmiş Novruz tədbiri Ham bələdiyyəsinin aylıq nəşrində də öz əksini tapacaq.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel