Sosial

Bayram süfrəsini açmaq neçəyə başa gəlir?

Metbuat.az

Yəqin ki, hər kəsin başı bayram bazarlığına, bayram süfrəsi açmağa qarışıb. Belə olan halda bayram süfrəsi üçün lazım olan ən vacib təamların hazırlanmasının nə qədər vəsait tələb etdiyi aktual məsələdir.



Bu gün ilaxır çərşənbədir. Bayram adətlərimizdən biri də gözəl süfrə açmaqdır. Təxminən 5 nəfər üzvü olan ailəyə bayram bazarlığı neçə manata başa gələcəyini öyrənmək üçün yolumuzu bazardan saldıq.



Kəpəz TV (Region TV) xəbər verir ki, bayramda gözəl süfrə açmaq üçün bazardakı qiymətləri kimisi normal, bəziləri isə yüksək hesab edir. Bununla belə bayram süfrəsinə düzüləcək təamların hazırlanmasına nə qədər pul sərf ediləcək hər kəsi maraqlandırır. Məsələn, xiyar, pomidor 2 man 50 qəp, 1 kq alma 1 man 50 qəp, armud 3 man, narıngi 2 man 50 qəp-dən alıcılara təklif edilir.



Adil Sadıqov, satıcı: “Mal ətinin qiyməti 7 manatdır, quzu əti 9 manat”.


Elxan Cavadov, alıcı: “Eləsi var ucuzdu, eləsi var almaq olar. Amma nisbətən bahalaşıb qiymətlər”.


Novruz süfrəsinin nemətləri sırasında çərəzlər xüsusi yer tutur. Lakin kilosu 10 manata təklif edilən qayısı və kilosu 6 manata təklif edilən kişmişin bəlli qiymətləri bu məhsulların da satışında artımın olmamasından xəbər verir.


Nazilə Abbasova, satıcı: “Fındıq ləpəsi 11 manat, qoz 6 – 12 manat arası. Bayramqabağıdı bahalaşıb, hardasa 1 manat, amma bizdən asılı deyil”.


Bayram süfrəsini tamamlayacaq əsas atribut olan səməninin qiyməti də fərqlidir. Sadə səmənilər 1 manat, bəzəkli səmənilər isə 7 manatdan 30 manatadək alıcılara təklif edilir. Ən ucuz qiymətə təklif edilən isə göyərtilərdir.


Mənzər İsmayılova: “Ötən ilə nisbətən indi qiymətin artma ehtimalı yoxdu. Keçən il şüyüd 80 qəpikdi, bu il isə 40 qəpik.”



Qiymətləri öyrəndikdən sonra bu qənaətə gəlmək olar ki, bayram süfrəsinin hazırlanması minimum 50 manata başa gəlir. Orta aylıq əməkhaqqını nəzərə alsaq, hər kəsin bayram keçirə biləcəyi aydın məsələdir.



Milli.Az