Ölkə

Bankdan Bakıya xəbərdarlıq

Metbuat.az

"Neft gəlirinin perspektivini nəzərə alaraq Azərbaycanda digər sahələrə qoyulan sərmayələr ARDNŞ-dən köçürmələr hesabına deyil, vergilər hesabına maliyyələşməlidir".



ANS PRESS-in məlumatına görə, Asiya İnkişaf Bankının (AİB) mütəxəssisləri aparılan hesablamalardan sonra bu qərara gəliblər. AİB-in 2015-ci il hesabatında bildirilib ki, Azərbaycan dövlət xərclərində neft sektorundan əldə edilən gəlirlərə daha az güvənməlidir.



AİB mütəxəssisləri qeyd ediblər ki, neft satışında yüksək qiymət imkan verirdi ki, ölkə dövlət büdcəsinə kifayət qədər maliyyə ehtiyatı toplayaraq onu ümumi iqtisadiyyatın inkişafına yönəltsin. "Lakin son zamanlar neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinin azalmasına səbəb olub. Nəticədə ARDNŞ iqtisadiyyatın inkişafını əvvəlki tempdə saxlamaq üçün əlavə vəsait xərcləməli olur. Lakin bu, uzun müddət davam edə bilməz. Dövlət müəyyən xərcləri azaltmalı olacaq. Bu da öz növbəsində iqtisadiyyatın və qeyri-neft sektorunun inkişaf sürətini ləngidəcək. Buna görə də Azərbaycan neft sektorundan asılılığını azaltmalıdır. Əvəzində özəl sektorun güclənməsinə imkan yaradılmalıdır".



Hesabatda həmçinin qeyd edilib ki, biznes mühitinin yaxşılaşması üçün qeyri-neft sektorunda ciddi islahatlar aparılmalıdır. "Bir sıra problemlərin həlli və biznes fəaliyyəti üçün bərabər şərtlərin yaradılması sərmayə qoyuluşuna da müsbət təsir edəcək".



Hesabatda göstərilib ki, Azərbaycanda ÜDM-in artım göstəricisi 2013-cü ildə 5,8 faiz idisə, 2014-cü ildə bu göstərici 2,8 faizə enib. 2015-ci ildə isə AİB Azərbaycanda ÜDM-nin 3 faizədək artacağını proqnozlaşdırıb. Halbuki daha əvvəl 2015-ci ildə ÜDM həcminin 3,5 faiz artacağı bildirilirdi. Mütəxəssislər inflyasiya səviyyəsini də açıqlayıblar. Onların fikrincə, valyuta devalvasiyasına görə bu il ölkədə inflyasiya həcmi 6 faiz olacaq. 2016-cı ildə isə bu rəqəmin 5,5 faiz təşkil edəcəyini bildiriblər.

Mənbə
ANS PRESS