Bakıda ilaxır çərşənbə qeyd olunur
Bakı, 17 mart, Günel Əfəndiyeva,
AZƏRTACMartın 17-də ölkəmizin hər yerində xalqımızın milli adət-ənənələrinə uyğun olaraq, baharın gəlişi – Novruz bayramı ilə əlaqədar ilaxır çərşənbəyə həsr olunan bayram şənliyi keçirilir.
AZƏRTAC
xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə səhər saat 11.00-da Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının qarşısından Novruz personajlarının iştirakı ilə “bayram karvanı”- 12 süvari, 5 dəvə və 6 fayton yola düşüb.
Qeyd edək ki, bayram karvanı şəhərimizin küçələrini gəzəcək, Füzuli meydanının qarşısındakı yeni istirahət parkında, Azadlıq meydanında, Metropolitenin “Koroğlu” stansiyasının yaxınlığında Büllur fəvvarənin ətrafındakı istirahət parkında, Səməd Vurğun istirahət parkında Novruz şənlikləri keçirəcək.
Heydər parkında Novruz personajları, kəndirbaz və pəhləvanların, milli geyimli oğlan və qızların iştirakı ilə bayram tonqalları alovlandırılacaq.
Axşam saat 19.00-da Qoşa qala qapısının qarşısındakı Gənclik meydanında ilaxır çərşənbə münasibətilə tonqal yandırılacaq, incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.