Bakida ayiciqlarin "paradi" - REPORTAJ - FOTOSESSIYA
8 Mart Beynəlxaq Qadınlar Günü Azərbaycanda da kiçikdən-böyüyə, varlıdan-kasıba hər kəs tərəfindən qeyd olunur. Bu gün şəhərdə çox az adam tapılar ki, əlində hədiyyə bağlaması, gül dəstəsi və ya oyuncaq ayı olmasın.
Sanki Azərbaycanda qadınlar günü deyil, gül və oyuncaq ayı festivalı keçirilir. Bu günlərdə ən böyük ağırlıq, təbii ki, kişilərin üzərinə düşür. Elə paytaxtın gül və hədiyyə dükanlarındakı mənzərədən də bunu aydın görmək mümkündür. Kimisi sevdiyi qadına qızılgül alır, kimisi qızına oyuncaq ayı, kimisi ətir, kimisi isə suvenirə üstünlük verir.
Bu gün həm də bütün kişilərin xərcə düşdüyü gündür. Şəhərdəki qadınların üzündə heç zaman olmayan sevinc və həyəcan, kişilərin üzündə isə qayğı var.
Təsadüfi deyil ki, sosial şəbəkələrdə bu günü zarafatla "Kişilərin soyqırım günü" adlandıranlar da var. Hədiyyə almaq istəyənlər bu gün ikiqat xərc çəkməli olurlar. Çünki hədiyyə adı ilə bazara çıxarılan hər bir şey əvvəlki qiymətindən 30 faiz baha satılır.
Paytaxt bazarlarındakı vəziyyəti öyrənmək üçün ilk növbədə "Neftçilər" metrosu yaxınlığındakı gül dükanına baş çəkirik. Burada əvvəllər uşaq geyimləri satılsa da, 8 Martla əlaqədar bir neçə günlük gül dükanına çevrilib. İçəridəki qələbəlikdən də hiss olunurdu ki, dükan sahibi çox düzgün addım atıb və bu yolla son üç gündə daha çox gəlir əldə etməyə nail olub.
Satıcı deyir ki, əvvəlki illərlə müqayisə də bu il alıcılar daha çox dibçək güllərinə üstünlük verirlər. Çünki bu güllər daha uzunömürlü olur və bir neçə günə solmurlar. Dibçək güllərinin qiyməti ölçüsündən və növündən asılı olaraq, 5 manatdan başlayır, 30 manata qədər yüksəlir.
Satıcının sözlərinə görə, bu gün satdığı ən bahalı gülün qiyməti 100 manat olub. Bu, qeyri-adi və nadir tapılan bir dibçək gülü imiş. Bazardakı güllərin əksəriyyəti Hollandiyadan gətirilir.
Müşahidələrimizdən bəlli oldu ki, gənclərin əksəriyyəti tək qızılgüllərə üstünlük verirlər. Onların qiyməti isə 5 manatdır. Tülpan adlanan güllərin bir ədədi isə 3 manatdır. Ən ucuz gül isə nərgizgülüdür. Bir dəstəsi 1 manat-1.5 manata satılan bu gülü əsasən imkanı zəif olanlar seçir.
Satıcının sözlərinə görə, dükanın qələbəlik olmasına baxmayaraq, bu il alıcılıq ötən illərə nisbətən azdır: "Əvvəllər daha çox iri gül buketlərinə üstünlük verirdilərsə, indi bunu tək qızılgüllə əvəz ediblər. Demək olar ki, çox az adam bahalı güllərə üstünlük verir. Görünür, insanlarda pul azdır".
Bayram günlərində səyyar satıcıların da aktivliyi hiss olunur. Şəhərin mərkəzi küçələrində kiçik bir piştaxta qoyaraq, üzərinə gül, suvenir, ucuz ətirlər düzüb, müştəri çağıran satıcılara da rast gəldik. Onların da öz alıcıları var idi. Maddi cəhətdən imkansız olanlar brend mağazalardan deyil, bu cür səyyar satıcılardan Çin istehsalı olan saxta ətir və kosmetik vasitələr alırdılar.
"Səkkizinci kilometr" bazarının girişində yerləşən gül dükanında da adam əlindən tərpənmək olmurdu. Alıcıların demək olar ki, hamısını kişilər təşkil edirdi. Alıcılarla söhbətimizdən məlum oldu ki, əksəriyyət tək qırmızı qızılgül almağa üstünlük verir.
Satıcı isə xarici güllərin əsasən Hollandiyadan, yerli güllərin isə Bakının Nardaran qəsəbəsindən gətirildiyini bildirdi. Alıcılığa gəlincə, həmsöhbətim qeyd etdi ki, ötən illərə nisbətən bu il alıcılıq zəifləyib: "7-8 mart istirahət günlərinə düşdüyü üçün alver biraz zəiflədi. Digər tərəfdən insanlarda pul azdı. Bəzi alıcılarımıza hətta endirim də edirik. Bəzi imkansız insanlar gəlir ki, pulu azdır, ancaq, bir neçə nəfərə hədiyyə almaq istəyir, onlara güzəşt edirik. Ən çox qızılgül alırlar. Hollandiyadan gətirilən qızılgülün bir ədədi 4 manatdır, buket bağlayanda 5 manata veririk. Yerli qızılgül isə 2 manatdır. Bu gün bağladığımız ən bahalı gül buketinin qiyməti 50 manat olub, 11 qızılgüldən ibarət idi. Gətirdiyimiz mallar əlimizdə qalıb. Sabah artıq bu güllər satılmayacaq".
Qeyd edək ki, hədiyyə alan kişilərin əksəriyyəti gül almağa, qadınlar isə ətir və kosmetik vasitələr almağa üstünlük verirdilər. Məktəblilər, yeniyetmələr isə hədiyyə olaraq, oyuncaq ayılar alırdılar.
"Əhmədli" metrosu yaxınlığındakı hədiyyə dükanının sahibi bildirdi ki, alıcılar suvenir almağa da çox üstünlük verirlər. Qız uşaqları üçün oyuncaq ayılar alınır. Onların qiyməti 5 manatdan başlayır.
Ən bahalı yumşaq oyuncaqların qiyməti 30 manatdır. Ətirlərin qiyməti isə 10-60 manat arasında dəyişir.
Mağaza sahibinin sözlərinə görə, alıcılar əsasən 20-30 manatlıq hədiyyə alırlar, bahalı hədiyyələrə üstünlük verən yoxdur.
Musavat.com