Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzi açılıb
Bakı, 18 mart,
AZƏRTACAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzinin açılışı olub.
QHT-lərə Dövlət Dəstəyi Şurasından
AZƏRTAC-a bildiriblər ki, tədbirdə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası təsdiqləndikdən sonra ölkəmizdə ictimai sektorun inkişafı sahəsində mühüm irəliləyişlərin müşahidə olunduğunu deyib. R.Zeyni Bakı QHT-lərinə xidmət edəcək Mərkəzin yaradılmasının Şura və TİKA-nın birgə əməkdaşlığı nəticəsində mümkün olduğunu qeyd edib.
Şura sədri, deputat Azay Quliyev mərkəzin yaradılmasının QHT-lər üçün xüsusi əhəmiyyət daşıdığını və onların resurslarının artırılmasına xidmət etdiyini bildirib. O, Şuranın yaradılmasından ötən yeddi il ərzində vətəndaş cəmiyyətinin inkişafı üçün çoxsaylı proqramlar həyata keçirdiyini deyib. Şura sədri 2000-ci ildən başlayaraq ölkənin beş bölgəsində - Şəmkir, Şirvan, Qəbələ, Quba və Mingəçevirdə Resurs və Təlim mərkəzlərinin təsis olunduğunu, ancaq Bakıda belə qurumun mövcud olmadığını qeyd edib. O, Mərkəzin açılmasını Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında Prezidentin Sərəncamının icrası istiqamətində və QHT-lərlə dövlət arasında dialoqun inkişafı sahəsində irəliyə doğru atılmış mühüm addım kimi dəyərləndirib. Azay Quliyev Türkiyə və Azərbaycanın yalnız dost və qardaş deyil, həm də ortaq maraq və problemlərə malik dövlətlər olduğunu qeyd edib.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü İsmayıl Günəş 1918-ci ildə Anadoludan gələrək Azərbaycanın azadlığı üçün vuruşan şəxsləri, Qarabağ şəhidlərini hər zaman rəhmətlə andıqlarını deyib. O, mərkəzin açılmasının Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı baxımından müsbət addım olduğunu qeyd edib.
TİKA rəhbərinin köməkçisi Mehmet Sürəyya Ər bu mərasimin Çanaqqala savaşının 100-cü ildönümünə təsadüf etdiyini söyləyib. M.S.Ər TİKA-nın kənd təsərrüfatından səhiyyəyədək müxtəlif sahələrdə layihələr həyata keçirdiyini, QHT-lərin fəaliyyətini dəstəkləməyə isə xüsusi önəm verdiklərini bildirib.
Professor Okan Yaşılot və TİKA-nın Azərbaycandakı əlaqələndiricisi Mustafa Haşim Polat tədbirdə çıxış edərək mərkəzə fəaliyyətində uğurlar arzulayıblar.