İqtisadiyyat

Bakı Expo Mərkəzində “Beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi” keçiriləcək

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Martın 12-də Bakı Expo Mərkəzində “Beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi” (AfuExpo) keçiriləcək.


AZƏRTAC

xəbər verir ki, bununla bağlı Türkiyənin “Atılım Fuarçılık” və “ElanExpo” şirkətlərinin təşkilatçılığı ilə mətbuat konfransı keçirilib. Bildirilib ki, “AfuExpo” sərgisində 12 müxtəlif ölkədən 150-dən çox şirkətin iştirakı gözlənilir. Tədbirdə dünyanın hər tərəfindən bu sahədə mükəmməl təcrübə toplamış şirkətlər bir araya gələcəklər. Azərbaycandan “By Art”, “Kafurpas”, “Gardenia”, “Abseron Botanik”, “Caspian Botanik”, “Green Life”, Türkiyədən “Hidromak”, “Güneri Makine”, “Erdemli Makine”, “Polight”, “As Beton”, “Peyart”, İtaliyadan “Arcangeli”, “Piante Faro”, “Innocenti& Mangoni”, Belçikadan “Arbor, “VandePutte”, Almaniyadan “Pflanzenhandel Lappen”, “Bruns”, “Lorberg”, Hollandiyadan “Fides & Greneth”, İspaniyadan “Ornamental Valencia”, Kolombiyadan “Matina Flowers” kimi məşhur şirkətlət “AfuExpo”nun iştirakçıları arasında olacaqlar.


“Atılım Fuarçılık” şirkətinin rəhbəri Salim Şahin 15 illik təcrübəyə malik olduqlarını dedi: “Dünya ölkələri ilə əlaqələrimiz genişdir. Bu gün qardaş ölkəmiz olan Azərbaycanda işə başlamağımızdan, sərgi açmağımızdan məmnunuq. Məmnunluğun qarşılıqlı olacağına əminik. Məlumdur ki, bu il Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bununla əlaqədar Bakı şəhəri başda olmaqla, Azərbaycanın hər yerində landşaft və şəhərsalma sahəsində böyük müasirləşmə və yenilənmə işləri görülür. Tərəfdaşlarımız yaşıllaşdırma və landşaft ehtiyaclarını qarşılamaq üçün şirkətlərimizin imkanlarından yararlana biləcəklər”.


Mətbuat konfransında qeyd edilib ki, ziyarətçilər “AfuExpo” sərgisinə martın 12-dən 14-dək saat 10-dan 18-dək seyr edə biləcəklər.