Sosial

Bahar Azərbaycana qədəm qoyur

Metbuat.az
Vətənimizin bəzi bölgələrində ilaxır çərşənbə Novruz bayramının özündən daha təntənəli qeyd olunur

Bu gün Azərbaycan xalqı Novruz çərşənbələrinin sonuncusunu - ilaxır çərşənbəni qeyd edir. Bu çərşənbəyə xalq içində axırıncı, tonqal çərşənbə də deyilir. İlaxır çərşənbə bir sıra bölgələrdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur desək, yəqin ki, yanılmarıq. Ümumiyyətlə, Novruz bayramı bölgələrimizdə müxtəlif cür qeyd olunur.



Biz də müxtəlif bölgələrdə doğulub, boya-başa çatan həmkarlarımızdan doğulduqları bölgələrin bayram adətlərini xəbər aldıq. Məlum oldu ki, bir çox bölgələrimizdə ilaxır çərşənbə daha təmtəraqla qeyd edilir.



“Bu gün əziz axşamdır”

Qəzetimizin aparıcı müxbirlərindən olan

Təranə Məhərrəmova

cənub bölgəsində ilaxır çərşənbə və Novruz bayramının xüsusi təmtəraqla qeyd edildiyini bildirdi. Onun uşaqlıq xatirələrində bu bayramla bağlı çox maraqlı anlar qalıb. Müsahibimizin dediyinə görə, axır çərşənbə bu bölgədə daha üstün tutulur: “Hətta böyüklər “Bu gün əziz axşamdır” deyirlər. Çərşənbə axşamı 7 saman topası qalayıb üstündən atlanardıq. Adətə görə, həmin quru ot topalarının qalıqlarını üç gün həyətdən süpürməzdik. Rəhmətlik anam “gərək külək özü bu otu dağıda” deyərdi. Bizim bölgənin həmin gün üçün özünəməxsus yeməkləri olduğundan bütün ocaqlarda eyni yeməklər bişirilərdi. İmkanından asılı olmayaraq hər bir ailədə plov, göyərti küküsü, balıq ləvəngisi və ispanaq tərəsi bişirilirdi. Böyüklər deyirdi ki, bu axşam gərək ancaq yaxşı sözlər danışasan, çünki qapını pusan olur. Həmin gecə heç kəs alaqapısını (çöl qapı) bağlamazdı. Çünki heç kəsdən pis niyyət gözləməyə dəyməzdi. Məhəllə uşaqları qapıya qurşaq atardı. Biz də onların qurşağına bayram şirniyyatları və xırda pul qoyardıq. Çərşənbə xonçasına rəngli şamlar, səməni, balığın baş hissəsi və çərəzlər qoyulardı. 3 gün xonçaya heç kim toxunmazdı. Səhəri gün obaşdan hamı elliklə çay başına gedər, təzə bardaqla su gətirərdilər. Hamı da inanırdı ki, su aydınlıq rəmzi olduğu üçün onların həyatına da bu saflıqdan pay düşəcək. Hamı bir-biri ilə görüşüb “Çərşənbən mübarək” deyərdi. İş günü olsa belə, atam işə çıxmaz, “evə gələn olar” deyərdi. Özü də bütün qonşuların qapısını döyüb “bayramınız mübarək” deyərdi. Atamın “kimsəsiz, imkansız adamlara baş çəkmək, onlara pay vermək lazımdır, qoy onlar da bayramı keçirsinlər” sözləri indiki kimi qulağımdadır”.



T.Məhərrəmova indi də onların bölgəsində adət-ənənələrin dəyişmədiyini, xalqın min illər davam edən adətlərinin yenə müqəddəs hesab olunduğunu deyir.



“Bizim kənddə həyat elə canlanardı ki...”

“Azadinforum” saytının müxbiri

Adəm Abbaslı

isə doğulub boya-başa çatdığı Füzuli rayonunun Əhmədalılar kəndində Novruz bayramının keçirilməsini belə xatırlayır: “Hər şey yazın gəlişinə 5 həftə qalmış çərşənbələrin qeyd olunması ilə başlayırdı. Birinci çərşənbə yalançı çərşənbə adlanırdı. Həmin gün, yəni həftənin ikinci günü şər qarışanda kəndimizin bütün sakinləri öz həyətlərində tonqallar qalayar, yaz fəslinin gəlişinə çox az qalmasına öz sevinclərini bildirərdilər. Uşaqlar üçün də bunun xüsusi bir sevinci var idi. Biz həyətimizdəki toyuqları güdər, yumurtladıqları yumurtaların ən bərkini seçib kənddə həmyaşıdlarımızla yumurta döyüşünə çıxardıq – bəzən böyüklərdən gizli, bəzən aşkar. “Silahlarımız” güclü çıxanda və biz əlidolu (yumurtalarla) evə gələndə nənəm sevinər, əks halda, zarafatca “bir də hindən yumurta götürsəniz, sizi öldürəcəm” deyirdi. Bundan başqa, kənddə bayrama hələ həftələr qalmış digər oyunlar da keçirilirdi. Məsələn, “Ənzəli”, “Çiling ağac”, “Kuşok-kuşok” (qoyun dərisindən kəsilmiş bir parçanın arxasına qurğuşun bağlayaraq düzəltdiyimiz kuşoku ayağımızda cüt-cüt saymaqla oynadığımız oyun)”.



Adəm Abbaslı bayram ərəfəsində böyüklərin bağda torpaq şumladığını, yerə bəzi toxumlar səpməklə qışa qalib gəldiklərinə, həyatın davam etdiyinə şükranlıq edəcəklərinə inandıqlarını deyir: “Beləcə, ilin son dörd həftəsini yola salıb, əsas bayram həftəsinə qədəm qoyurduq. Bu günlər bizim kənddə həyat elə canlanardı ki, bunu sözlə ifadə etmək çox çətindir! Bu canlanma bütün evlərdə olduğu kimi, bizim evdə də qadınların ev, həyət-baca təmizliyindən başlayırdı. Sonra bayram şirniyyatlarının hazırlanması üçün siyahılar tutular və bazarlara çıxılardı. Düzdü, bu gün hamımız Novruz bayramına daha çox hazırlaşırıq, amma bizim uşaqlıq illərimizdə və bizim kənddə əsas ilin axırıncı – Od, Su, Yel çərşənbələrindən sonra gələn Torpaq çərşənbəsi qeyd edilirdi və biz əsas bayram olaraq da məhz Torpaq çərşənbəsini keçirərdik. Torpaq çərşənbəsi günü hamı səhər tezdən durar, bayramın əsas yeməyi sayılan aşın düyüsü, axşam tərəfi qovrulacaq buğda, noxud, küncüt islağa qoyular, axşamdan hazırlanan şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar masaya düzülər, yandırılacaq şamlar və tonqallar hazır vəziyyətə gətirilərdi. Günortaya doğru uşaqlar anaları tərəfindən hazırlanmış torbaları boyunlarına asar, qapı-qapı gəzər, bayram payı yığardı. Torbalarımız dolanda isə evə qayıdar, onu boşaldıb yenidən həyətlərdən öz payımızı istəməyə davam edərdik. Bu gəzintilərimiz gün dönən vaxta qədər davam edərdi. Sonra hamı öz evinə dönməli, qalanan tonqallar üzərindən atılmalı, açılan bayram süfrələrində hamı birlikdə iştirak etməli idi. Yeyib-içib şükranlıq etdikdən sonra böyüklər evdən pay-puş götürüb balacalarla birlikdə kənddə yaşayan qohum-qonşunu yoxlayar, qışdan sağ-salamat çıxdıqları üçün biri-birinə gözaydınlığı verərdilər. Yeniyetmələr və gəncər isə axşamın düşməsini gözləyib həyətlərə girər, qapılar önünə papaq qoyub, ev yiyəsinin verəcəyi bayram payını gözləyərdi. Xüsusi ləzzət verən məqam isə axırıncı çərşənbə günü sac üstündə qovrulan buğdanın çırtıltısı və bütün kəndi bürüyən xoş ətri idi”.



Festival kimi keçirilən bayram

Jurnalist

Ümidə Həsənli

də Qarabağda axır çərşənbənin əsl bayram kimi qeyd edildiyini deyir: “Biz tərəfdə bayram mərasimi şəkərbura, paxlava, qoğalın bişirilməsindən başlayır. Xalalar, bibilər hər dəfə birinin evinə yığışaraq bayram şirniyyatlarını bişirirlər. Demək olar ki, Novruz bayramı elə axır çərşənbədə başlayır. Həmin gün bizim ailədə mütləq Qarabağ plovu dəmlənməlidir. Allah verdiyi digər nemətlər də süfrəni bəzəyir. Süfrədə böyük xonça bəzədilir. Xonçada ənənəvi olaraq səməni, şəkərbura, paxlava, qoğal, badambura, iydə, innab, qovurğa (buğda qovrulması), noxud, fındıq, qoz, şabalıd və bizim əvəzedilməz Qarabağ kətəsi mütləq yer almalıdır. Xonçanın ətrafına ailənin üzvlərinin sayı qədər şam düzülür və çərşənbə axşamı hamı süfrə başına yığışanda şamlar yandırılır. Mənim ən sevdiyim məqam ailə üzvlərinin süfrə başına yığışaraq şamları yandırması olur. Çərşənbə axşamlarından tutmuş, Novruz bayramı bitənə qədər bütün ailə, qohum-əqrəba bayram əhval-ruhiyyəsində olur. Gözümü açandan heç vaxt bizim ev bayramda qonaq-qarasız olmayıb”.



Ümidə yaşadığı bölgədə Novruz bayramının festival kimi keçirildiyini xatırlayır: “Hər yerdən çalmaq-oxumaq səsi gəlirdi, hər qapıda tonqal qalanırdı. Danışan, gülən, zarafatlaşan, oyun oynayan, bir tərəfdə yığışıb rəqs edən kim... Biz də şəhərdə olan qohumlarla yığışıb bayramı kənddə qeyd etməyə gedirdik. Çox vaxt özümü bu festival içində itib-batmış hesab edirdim. Şəhərdə keçirdiyimiz bayramda uzaqbaşı 2-3 qohum bir evə yığışır, amma kənddə hamı bir yerə yığışır, həyətlərdə toplanırdıq. Kəndin bayramı bir başqa cür gözəl, maraqlı keçirdi. Bir də bizdə papaq atmaq yox idi. Papağını kiminsə qapısına atan adama bir cür baxırdılar, heç papaq atan da yox idi. Bizdə torba atırdılar. Bu da sırf zarafat mənasında idi. Torbası dolan adam sonra evə daxil olub bayramlaşırdı. Torbalarda yığılanları ocağın başında paylaşdırıb yeyirdilər. Bizim üçün axır çərşənbə qohum-əqrabaların görüşməsi günüdür. Bəlkə çoxdandır görmədiyin adam məhz axır çərşənbə günü qonağın ola bilər. Qarabağ bölgəsi o qədər qonaqpərvərdir ki, istənilən an qonağın gəlişinə hazırdır. Bizdə evin ən gözəl yeri qonaq üçün hazırlanır, ən dadlı təamlar qonağa saxlanılır, qonağın qarşısına qoyulur”.



“Bir məktub, bir ovuc torpaq və bir dəstə bənövşə”

“Gündəlik Teleqraf” qəzetinin əməkdaşı

Naibə Qurbanova

Cəbrayıl rayonunda ilaxır çərşənbənin Novruz bayramından daha təmtəraqlı qeyd olunduğunu bildirdi: “Çərşənbədə axşamı səhərə qədər oyaq qalmalı idik. Buna çilləçıxarma deyirdilər və həmin gecə kim yatırdısa, üstünə su töküb oyadırdılar. Gecədən səhərə qədər oyaq qalmağın pis üzü özünü bizə dərsdə yuxulayanda göstərirdi. Bir dəfə tabaşir əvəzinə müəllimə konfet vermişdim. Uşaqlar xeyli gülsə də, mən özümü sındırmayıb, müəllimə şəkərbura da təklif etməklə pərtlikdən çıxmışdım. İlaxır çərşənbəni maraqlı edən inanclar, ayinlər idi. Bir də qonşunun həyətində unudub qoyduğu əşyanı həmin gecə "oğurlamaq" da vardı. Ən maraqlısı, qulaq falına çıxmaq, üzük falına baxmaq, duzlu kökə yemək idi. O zaman bunları etməyə mənim yaşım imkan verməsə də, çərşənbə axşamı qonşumuzun qapısının ağzına qoyduğu əsasını oğurladığımı yaxşı xatırlayıram. Buna görə yaxşıca tənbeh olunmuşdum. Elə həmin saat onu aparıb yerinə qoymuşdum”.



Naibə çox istəyir ki, indi də bu adətlər yaşasın, valideynlər övladlarına aşılasın ki, bayramla bağlı ənənələr unudulmasın. Axı bu ənənələrdə saflıq, doğmalıq var: “İndiki evimizin yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı yataqxana olduğu üçün hər il papaq atanların sayı çox olurdu. Artıq iki ildir ki, onlar yeni mənzillərə köçürüldüyündən, torba atanlar da gözə dəymir. Səmimi deyim ki, bu məni kədərləndirir. Çünki heç olmasa ildə bir dəfə Qarabağ adətlərini doya-doya yaşamaq, xatırlamaq imkanımız olurdu. Sonuncu ötənilki ilaxır çərşənbəni isə yəqin ki, hələ uzun illər xatırlayacam. Həmin gün qapı döyüldü, getdim ki, torbanı götürüb içərisinə pay qoyam, gördüm papağın içində bir məktub, bir ovuc torpaq və bir dəstə bənövşə var. Məktubda bənövşənin Cəbrayıldan gətirildiyi, torpağın da ora məxsus olduğu yazılmışdı. Bu təsirli sürprizi mənə “Facebook”da tanış olduğum cəbrayıllı dostlardan Elmin Həmzə etmişdi. Adət-ənənəsi, torpağı üçün burnunun ucu göynəyən bir insana bayram axşamı bundan gözəl hədiyyə ola bilməzdi”.



Qohumlar bayramlaşar, axşam tonqal qalanardı

Ağstafa-Qazax bölgəsindən olan AZƏRTAC-ın mədəniyyət müxbiri

Türkan Abdullayeva

nın sözlərinə görə, həmin bölgədə ilaxır çərşənbəni o birilərə nisbətən daha yaxşı qeyd edirlər: “Bu çərşənbədə qızlara ata evindən pay aparılır, nişanlı qızlara isə oğlan evi qonaq gəlir, axşam böyük tonqallar qalanır, qohum-qonşular ətrafına yığılır, bayramlaşıb, deyib-gülüb, çalıb-oynayırlar. Maraqlı məqamlardan biri qulaq falına çıxmaqdır. Həmçinin üzüklə, su ilə və digər fallara baxırlar”.



“Yeni Müsavat” qəzetinin müxbiri

Röya Rəfiyeva

nın sözlərinə görə, doğulduğu bölgədə axır çərşənbə bayram günündən daha təntənəli qeyd edilir. O, Bakıya qədər Oğuz şəhərində yaşayıb. R.Rəfiyeva deyir ki, bayramda heç bir xüsusi fərqlilik olmayıb: “Qohumlarım şəkərbura, paxlava bişirər, yumurta boyayardıq. Qohumlar bir-birinə gedib bayramlaşardı, axşam tonqal qalanardı. Biz uşaqlar da papaq atırdıq, çərşənbə axşamı qulaq falına çıxırdıq. Anamız bizə bayram aşı bişirərdi”.



Hansı bölgədə doğulub boya-başa çatmasından və harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılara “ilaxır çərşənbəniz və Novruz bayramınız mübarək!” deyirik.



Kaspi.az