Şou

Azərbaycanlı müğənnidən ŞOK etiraf: “Ərimdən xəbərsiz abort etdirdim”

Metbuat.az

“Tanınan adamlardan biri mənə “Range Rover” bağışlamaq istəyirdi”

Lent.az-ın müsahibi gənc ifaçı Afaq Aslandır. Afaq Aslan ilk sevgisi, dağılan ailəsi və şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.

- Afaq, 27 yaşın var. Sevginin nə olduğunu ilk dəfə hansı yaşda anlamısan?

- Hardasa, 19 yaşım olardı. Mənim ilk məhəbbətim tələbəlik illərində olub. Elə ilk sevdiyim adamla da ailə qurmuşam. Mən Memarlıq və İnşaat Universitetini bitirmişəm. Ali təhsilli memaram. İnstitutda oxuya-oxuya özəl şirkətdə çalışırdım, layihələr verirdim. Yoldaşımla da elə o şirkətdə tanış olmuşduq. Çalışdığım şirkətin rəhbəriydi. Məndə belə bir xüsusiyyət var - ilk baxışdan bir adama vuruldumsa, vəssalam, deməli, ondan elektrik aldım. Yoxsa 2-3 ay gəzim, danışım, araşdırım, belə sevgi məndə heç vaxt olmayıb. Aşiq olacağım, sevəcəyim adamı ilk baxışdan tuturam. Onunla da elə oldu.

Tanışlıqdan hardasa 3 ay sonra nişanlandıq. El adəti ilə toyumuz oldu. İl yarımdan sonra isə ayrıldıq.

- Niyə?

- Çox səbəblər oldu - xəyanət, yalan, bəzi qapalı sirlərin üstü açıldı.

- Sənə xəyanət elədi?

- Daha doğrusu, məndən öncə həyatında baş verənləri gizlətmişdi. Onların üstü birdən-birə açıldı. Mən isə bağışlaya və qəbul edə bilmədim.

- Hansı yolla üstü açıldı?

- Bir gün evə zəng gəldi. Dəstəyi qaldırdım. Bir xanım idi – özünü yoldaşımın sevgilisi kimi təqdim etdi. Dedi, mən sizinlə görüşmək və söhbət etmək istəyirəm. Yoldaşım da o qədər qısqanc idi ki, məni evdən çölə də buraxmırdı. Qızla “McDonalds”da görüş təyin etdim. Ərimə isə dedim, bacımla “McDonalds”a gedirəm. Qız gəldi ora, yanında da balaca uşaq. Dedi, bu uşaq sənin ərindəndi. Məndən gizlətdiyi çox şeylərin üstü orda açıldı. Hətta məlum oldu ki, ərimin başqa bir sevgilisi və ondan da bir qızı var.

- Necə əmin oldun ki, qız düz deyir? Bəlkə elə yalan danışırdı?

- Uşaq yoldaşıma çox bənzəyirdi. Surətiydi sanki. Belə şeyləri filmlərdə görmüşük həmişə. Amma mənim başıma gəlmişdi. Təbii ki, bütün bunları bağışlaya bilməzdim. Bağışlamadım da.

- Bəs sizin uşağınız niyə olmadı?

- Var idi əslində. O hadisə olanda mən hamiləydim. Amma istəmədim o uşağı. Mən çox qısqanc adamam. Qısqanclıqdan da dəhşət aqressivləşirəm. O an hər şey edə bilərəm. Qısqanclıq qədər məni heç nə aqressivləşdirə bilməz. Ərimdən xəbərsiz uşağı abort etdirdim. Ona da dedim, sən artıq atasan, neynirsən bu uşağı?! Beləcə, boşandıq. Bir şeyə sevinirəm ki, o vaxtdan sonra qarşıma çıxmadı. Qarşıma çıxsaydı, bilmirəm nələr baş verərdi. 

- Uşağa görə peşmançılıq çəkmədin heç?

- Yox, qətiyyən! Yaşımın elə bir vaxtıdır ki, istəsəm, ailə də qura bilərəm, uşaq da dünyaya gətirərəm. Amma sənətimlə bağlı planlarım, arzularım var. Hələ istədiyim zirvəyə çıxmamışam bu sənətdə. Ona görə də şəxsi həyatım barədə düşünmürəm.

- Ayrılandan sonra həyatın necə oldu?

- Güclü depressiya yaşadım. Ümumiyyətlə, mən şəxsi həyatımla bağlı tez-tez depressiyaya düşürəm. Cüzi bir şeydən belə ruh düşkünlüyünə qapılıram. Hətta sənət də gözümə görünmür. Ayrılandan sonra 8-9 ay özümə qapandım. Evdən çölə çıxmadım. Məni o depressiyadan çıxaran səbəb ikinci dəfə aşiq olmağım oldu. Mən elə bir insanam ki, sevməsəm, həyatımı mənasız hesab edərəm. Sevgidən stimul alan insanam. Ondan sonra depressiyadan çıxdım.

- Bəs həmin adam səni depressiyaya salmadı?

- Yox (gülür). Hələ də birlikdəyik. Amma kişilərdə belə bir xasiyyət var. 2-3 il bir qadınla yaşayırlar, onu sevirlər, sonra ayaqları sürüşür, kişilərin psixologiyasına uyğun desək, “ağız tamını dəyişirlər”. Və istəmirlər ki, bir saatlıq, bir günlük əyləncəni sevdikləri xanımlar bilsin. Amma məndən nəyisə gizlətmək qeyri-mümkündür. O da elə böyük səhvə yol verir ki, əyləncəni kənarda yox, həmkarlarım arasında axtarır. Ona görə də Afaq düşür qalmaqalın ortasına.

- Və bu xəyanəti asanlıqla qəbul edib üstündən keçir...

- Əslində qəbul etmirəm, bağışlamıram, küsürəm, özü yalvarır mənə. Amma sevginin  gözü kor olur, istər-istəməz mənfi cəhətlərini bağışlayırsan. Təbii ki, bir həddə qədər. Görünür, o, hələ həmin həddə gəlib çatmayıb.

- Bilsən ki, kiminləsə ciddi münasibəti var, nə edərsən?

- İnanmaram, kim də desə inanmaram heç vaxt. Mən onun xasiyyətini bilirəm, əyləncələrə meylli insandır. Amma hər xanımla ciddi münasibət qurmaz.

Açığı, onun bir çox həmkarlarımla münasibətini bilmişəm. Ad çəkmək istəmirəm. İkisi ilə münasibətim pozulub. Yoxdurlar mənim üçün. Ondan sonra başqaları da olub. Siyahı uzundur yəni. Amma mən bundan bir nəticə çıxartdım ki, həmkarlarımla düşmən olmağa dəyməz. Bu, onların həyat tərzidir. Onlar üçün fərqi yoxdur, bu, kimin sevgilisidir, kimin əridir. Özünə də nə deyirəm, cavab vermir. Dayanıb üzümə baxır. Axırda da deyir “heç kim sənin atılan dırnağın ola bilməz”.

- Cazibədar və üzdə olan xanımsan. Sənə hansısa münasibət qarşılığında pul təklif edən olub?

- “Olmayıb” desəm, yalan olar. Üzümə deməyiblər, amma qulağıma gəlib çatıb bəzi söhbətlər. Sənətçi onu sevənlər üçün əlçatmaz olmalıdır. Əgər bir sənətçini pul qarşılığında kimsə istismar edə bilirsə, deməli, o, özünə hörmət etmir. Mən daxilən şöhrətpərəstəm. İstəyirəm hamı məni sevsin, amma hər cibində pulu olan deməsin ki, mən onu qarşıma gətirdə bilərəm.

- Məsələn, ən çox nə qədər məbləğ təklif olunub?

- Məbləği dəqiq deyə bilmərəm. Amma bu yaxınlarda çox hörmətli, tanınan adamlardan biri deyib ki, Afaqa “Range Rover” bağışlamaq istəyirəm. Təbii ki, qəbul etmədim, etmərəm. Mən pula, hədiyyəyə görə heç bir kişinin qarşısında əyilmərəm. 

- Bəs sevgilinin bu vaxta qədər sənə verdiyi ən bahalı hədiyyə nə olub?

- Sevgililər günündə mənə maşın hədiyyə etdi. Maşının da yarım milyon manat qiyməti vardı. Amma mən maşının açarlarını özünə qaytardım. Başa saldım ki, bu, sadəcə bir dəmir parçasıdır. Mən ona jestlərimlə sevgimi sübut etmişəm. Yəni mənə ev də alsa, maşın da alsa, ən önəmli olan onun özüdür. Bu cür sevginin qarşısında heç bir kişi o cür xanımı itirmək istəməz.

- Danışdıqlarından belə çıxdı ki, həyatında cəmi iki sevgi və iki kişi olub.

- Bəli, artıq 4 ildir birlikdəyik. Ümumiyyətlə, mən sevgidə sədaqətli insanam. Qarşımdakından da bunu arzulamışam. Mən ona qarşı necə vəfalıyamsa, o da elə olsun. Amma təəssüf ki, elə deyil.

- Amma görünüşün, hərəkətlərin, fotoların, açıqlamaların elə təəssürat yaradır ki, sanki həyatındakı kişilərin sayı-hesabı yoxdur...

- Bu yaxınlarda bir adam da mənə dedi ki, sən özün haqqında elə rəy formalaşdırmısan, sanki hər həftə bir kişinin yanındasan. Tanıyandan sonra görürlər ki, elə deyiləm. Mən həyatda kompleksli adamam. Axı açıq-saçıqlıq o demək deyil ki, insan özünü bayırda qoyub. Üzdə olan xanımam, sənət adamıyam. Bunların olması normaldır. Çarşaba bürünüb evdə oturası deyiləm ki! Sevgilim də mənim xasiyyətimi bilir - bu insan mənim həyatımdadırsa, mən ikinci kişiylə görüşmərəm. Ona görə də mənə qadağalar qoymur. Deyir, bu gözəlliyi sənə Allah verib, niyə də gizlədəsən?! Amma bu, o demək deyil ki, başqa işlərlə məşğul olmalısan. İnsanlar var, qapalı geyinir, özlərini abırlı-həyalı göstərirlər, əslində isə çıxmadıqları oyun yoxdur.

- Maraqlıdır, ailən sevgilinlə münasibətlərinə necə yanaşır?

- Normal yanaşırlar. Mən gündə biriylə görüşmürəm axı. Sevmək hər xanımın haqqıdır. Bir xanım ailə qurub boşanıbsa, bu, o demək deyil ki, həyatında hər şey bitib. Sevgi mənim üçün müqəddəs hissdir. Bu dəqiqə xanımların çoxu sevgiyə başqa cür, daha çox ev, maşın, bahalı hədiyyə müstəvisindən yanaşır. Mənim üçün sevgi başqa aləmdir.

- Münasibətlərinizi ciddiləşdirməyi düşünmürsünüz?

- Əslində onun fikri var, hətta övlad da istəyir. Amma mən hələ ona hazır deyiləm. Düzdür, mənim çox yüksək səviyyədə evdarlığım var. Elə süfrə açım, elə yeməklər hazırlayım ki, görəndə məəttəl qalarsınız. Müğənni olsam da, evdarlığa meylliyəm. O tip qadınlardan deyiləm ki, deyim, “uşaq doğmayacam, çünki fiquram pozular”. İstəyərəm azı 4 uşağım olsun. Uşaqları çox sevirəm. Amma yaxın bir neçə ildə şəxsi həyatımla bağlı ciddi qərar qəbul etmək fikrində deyiləm.