İqtisadiyyat

Azərbaycanın “sabit” investisiya səviyyəli beynəlxalq kredit reytinqi bir daha təsdiq olunub

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

Martın 13-də “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlayıb.


Maliyyə Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a verilən məlumata görə, agentliyin hazırladığı hesabatda qeyd olunur ki, dünyada neft qiymətlərinin kəskin enməsinin Azərbaycanın mövcud fiskal və xarici valyuta mövqeyinə mənfi təsirlərinə baxmayaraq, hökumət tərəfindən atılan təsirli addımlar dövlət maliyyəsinə və xarici valyuta ehtiyatları mövqeyinə mümkün riskləri azaldaraq ölkənin möhkəm xarici kreditor kimi yerini qoruyub saxlamasını təmin edəcəkdir.


Agentliyin qənaətinə görə, çevik fiskal və monetar siyasət xarici valyuta ehtiyatlarının azalmasının əhəmiyyətli dərəcədə qarşısını alacaq.


Qeyd olunanlarla yanaşı, “Fiç Reytingz” maliyyə davamlılığını təmin edəcək əlavə tədbirlərin və ölkə iqtisadiyyatının şəxaləndirilməsi istiqamətində daha təsirli addımların atılmasını ölkənin gələcək reytinqinə müsbət təsir göstərəcək əlavə amillər kimi qiymətləndirir.


Aparıcı beynəlxalq kredit reytinq agentliyi tərəfindən Azərbaycan Respublikasına əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş “BBB-” investisiya səviyyəli “sabit” proqnozlu dərəcənin bir daha təsdiqi ölkə iqtisadiyyatının dayanıqlılıq potensialını nümayiş etdirməklə yanaşı, ona beynəlxalq maliyyə icması tərəfindən etimadın yüksək olaraq qalmasının əyani sübutudur.