Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə tanınmış rəssam-xəttatın fərdi sərgisi açılıb
İslamabad, 5 mart,
AZƏRTAC
Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Milli İncəsənət Mərkəzində tanınmış rəssam-xəttat Azim İqbalın “Sülh və harmoniyanın rəngləri” adlı fərdi sərgisi açılıb.
Tədbirdə Pakistanın informasiya, yayım və milli irs naziri Məhəmməd Azam, Pakistan Prezidentinin mətbuat katibi Samina Vakar, Pakistanda akkreditə olunmuş diplomatlar, tanınmış ictimai-siyasi xadimlər, jurnalistlər iştirak ediblər.
Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov ölkələrimiz arasındakı dostluq münasibətlərindən, mövcud əlaqələrimizin indiki vəziyyətindən söz açıb.
Diplomat bu tədbirin xalqlarımız arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Azim İqbal haqqında danışan səfir bildirib ki, rəssam öz yaradıcılığında incəsənət vasitəsi ilə sufiliyə mənəvi səyahət yolu tutur, sülh və harmoniyanı təbliğ edir. Azim İqbalın kolleksiyası sufi mədəniyyətinin simvolik nümayişdir. Rəssam öz yaradıcılığında müxtəlif klassik və innovativ texnologiyalara əl atır, sevgi və humanizm ideyalarını tamaşaçılarla bölüşür.
Daşqın Şikarov Azim İqballın Pakistan Milli Kitab Fondunda “Nizami Gəncəvi otağı”nın dekorasiyaların yaradılmasındakı əvəzsiz rolunu qeyd edib.
Məhəmməd Azam mərasim iştirakçılarını salamlayıb, sərginin keçirilməsinə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib.
Vurğulanıb ki, Pakistan mədəniyyətini təbliğ etməklə Azərbaycan səfirliyi bu ölkəyə olan dostluq münasibətlərinə hörmətini nümayiş etdirib. Nazir bu kimi tədbirlərin xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. Sonra o, başçılıq etdiyi nazirliyin fəaliyyətindən, hökumətin milli mədəni irsin qorunub saxlanılması istiqamətində gördüyü işlərdən söz açıb.
Azim İqbal Azərbaycanın Pakistandakı səfirliyinə sərgisinin keçirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, Azərbaycanın zəngin mədəni irsə, qədim tarixinə malik olduğunu qeyd edib. Rəssam deyib ki, bundan sonra da öz yaradıcılığında humanizm, sülh prinsiplərinə sadiq qalacaq, iki qardaş xalq arasında əlaqələrin inkişafı naminə əlindən gələni edəcək.
Sonda sərgi ilə yaxından tanış olan mərasim iştirakçıları üçün ziyafət verilib.
Sərgi zamanı D. Şikarov Pakistanın PTV, DAWN, Express, GEO və Capital TV kanallarına müsahibə verib.
Sərgi Pakistan mətbuatı tərəfindən geniş işıqlandırılıb. Nəşr olunmuş materiallarla aşağıdakı linklərdən tanış olmaq mümkündür.
http://epaper.pakobserver.net/201503/05/islamabad-1.php
http://e.thenews.com.pk/pindi/3-5-2015/page13.asp
http://www.thenews.com.pk/Todays-News-6-305067-Colours-of-Peace-&-Harmony
http://www.radio.gov.pk/newsdetail/74687/1
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad