Mədəniyyət

Azərbaycanın Macarıstandakı səfirliyində Novruz şənliyi təşkil edilib

Metbuat.az

Budapeşt, 18 mart,

AZƏRTAC

Azərbaycanın Macarıstandakı səfirliyində Novruz şənliyi təşkil edilib. Budapeştdə akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin, Azərbaycan diasporunun, macar ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə səfir Vilayət Quliyev Novruz ənənələrindən, bu bayramın xalqımızın mənəvi-estetik dünyasındakı rolundan danışıb.


Sonra Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam ansamblı konsert proqramı ilə çıxış edib. Mənsum İbrahimov və Vüsalə Rəcovanın oxuduqları muğamlar, xalq mahnıları, Elçin Həşimovun tarda, Elnur Əhmədovun kamançada, Siyavuş Kərimovun nağarada ifa etdikləri virtuoz musiqi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.


Novruzun ayrılmaz atributlarından olan bayram tonqalı ətrafında tədbir iştirakçıları Azərbaycan çayına və şirniyyatlarına qonaq olublar.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt