Azərbaycanı "Eurovision"da Elnurun təmsil edəcəyi xəbəri təsdiqləndi
Martın 15-də Azərbaycanın İctimai Televiziyası (İTV) ölkəni bu il "Eurovision" Mahnı Müsabiqəsində təmsil ədəcək olan müğənninin adını açıqlayıb.
Axşam.az-ın məlumatına görə, dünyanın ən məşhur mahnı müsabiqəsində ölkəmizi Elnur Hüseynov təmsil edəcək. O, mistik və müasir ballada “Hour of the Wolf” mahnısını səsləndirəcək.
Qeyd edək ki, 2008-ci ildə Elnur Samir Cavadzadə ilə "Eurovision"a qatılmış, “Day After Day” adlı mahnı oxumuşdu.
Təəssüratlarını bölüşən E.Hüseynov bunları deyib:
“Eurovision 2015" özümü bir solo ifaçı kimi təsdiq etməyim üçün böyük şansdır. Öz mahnıma güvənirəm, çünki onun çox güclü ismarışları var. Bu, həqiqətən də böyük mənası olan bir mahnıdır. Ən önəmlisi “bir savaşa layiqdir ürək” mesajıdır – biz heç vaxt təslim olmamalıyıq. Öz xoşbəxtliyimiz və daha yaxşı gələcəyimiz üçün daim savaşmalıyıq. Eurovision-a bu ismarışı avropalılarla paylaşmaq üçün gedirəm”.
2015-ci il fevral ayının 18-də Elnur “O səs Türkiyə”nin qalibi olub.
21 may tarixində Elnur Hüseynov "Eurovision"ın ikinci yarımfinalında çıxış edəcək.