Azərbaycan təhsilinin aktual problemləri respublika elmi-praktiki konfransında müzakirə olunub
Bakı, 17 mart, Həsrət Mahmudova,
AZƏRTACAzərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Azərbaycan təhsilinin aktual problemləri – təbiət, fundamental, humanitar və pedaqoji fənlərin tədrisində yeni istiqamətlər” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
AZƏRTAC
xəbər verir ki, konfrans ADPU-nun və Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə konfrans iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.
ADPU-nun rektoru, professor Yusif Məmmədov elmi-praktik konfransı açaraq ölkəmizdə həyata keçirilən təhsil siyasəti barədə məlumat verib. Rektor ümummilli lider Heydər Əliyevin ölkənin təhsil ictimaiyyətinə həmişə diqqət və qayğı ilə yanaşdığı vurğulayıb, bu sahədə qəbul edilən qərarları, imzalanan fərman və sərəncamları Ulu Öndərin təhsilə, elmə, bu sahədə çalışan insanlara verdiyi önəmin bariz nümunəsi kimi dəyərləndirib. Qeyd olunub ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Y.Məmmədov çıxışında respublikamızda həyata keçirilən təhsil siyasətinin uğurlarından, beynəlxalq təhsil sisteminə inteqrasiyadan, eləcə də təbiət, fundamental, humanitar və pedaqoji fənlərin tədrisindəki problemlərdən ətraflı bəhs edib.
Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov isə konfransın əhəmiyyətini vurğulayaraq, aparılacaq müzakirələrin qarşıya çıxan problemlərin həllinə dəstək olacağına əminliyini bildirib.
Sonra konfrans işini plenar iclasla davam etdirib, Azərbaycan təhsilinin müasir aktual problemləri ilə bağlı məruzə və çıxışlar dinlənilib.
Plenar iclaslarda Azərbaycan Respublikasında həyata keçirilən təhsil islahatlarının məqsəd və vəzifələrinə, islahatların perspektivlərinə və gözlənilən nəticələrə xüsusi diqqət yetirilib. Həm məruzələrdə, həm də müzakirələrdə islahatların tarixçəsi, onun mərhələləri, dünya praktikasında bu istiqamətdə aparılmış islahatların təcrübəsi nəzərdən keçirilib. Təhsil sahəsində bu vaxta qədər əldə edilmiş nailiyyətlərlə yanaşı, problemlər, çatışmazlıqlar müzakirə obyekti olub, konstruktiv fikirlər səslənib.
Elmi-praktik konfransda Bakı Dövlət Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Qərb Universiteti, Qafqaz Universiteti və digər ali təhsil müəssisələrinin professor-müəllimləri, həmçinin AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri iştirak ediblər.
Konfrans çərçivəsində iştirakçılar ADPU-nun professor-müəllim heyətinin əsərlərinin yer aldığı sərgi ilə də tanış olublar.