Azərbaycan Misirdə həyata keçirilən neft-qaz, turizm layihələrinə maraq göstərir
Bakı, 19 mart,
AZƏRTACİş adamları arasında əməkdaşlığın təşviq olunması əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir və Azərbaycan tərəfi Misirdə neft-qaz, turizm, İKT sahələrində həyata keçirilən layihələrdə iştirak edə bilər.
Bunlar iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Bakıda səfərdə olan Misir Ərəb Respublikasının Qəlubiyyə şəhərinin meri Mohammed Abdel Zahirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı səsləndirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən
AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin uğurla davam etdiyini, əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan nümayəndə heyəti bu yaxınlarda Misirdə keçirilmiş "Misirin gələcəyi" beynəlxalq konfransında iştirak edib. Ölkələrimiz arasında Parlamentlərarası Dostluq Qrupunun və Müştərək Komissiyanın fəaliyyət göstərdiyini qeyd edən nazir komissiyanın növbəti iclasının bu il Qahirədə keçiriləcəyini bildirib.
Mohammed Abdel Zahir səmimi qəbul üçün təşəkkür edib, ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini vurğulayıb. Misir iqtisadiyyatı barədə məlumat verən qonaq Misirə investisiya qoyuluşu üçün tətbiq edilən güzəştləri diqqətə çatdırıb.
Görüşdə iş adamları arasında səmərəli əməkdaşlığın qurulması məqsədilə müvafiq qurumun yaradılması təklifi irəli sürülüb, Müştərək Komissiyanın bu il nəzərdə tutulan iclasına dair fikir mübadiləsi aparılıb.