Azərbaycan Kuala-Lumpurda keçirilən beynəlxalq sərgidə yüksək səviyyədə təmsil olunub
Kuala-Lumpur, 30 mart,
AZƏRTAC
Malayziyanın MARA Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Mədəniyyət Sərgisində (International Cultural Expo) Azərbaycan da yüksək səviyyədə təmsil olunub.
Sərginin əsas məqsədi müxtəlif ölkələrin tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları, mətbəxi və milli adət-ənənələrini təqdim etməkdir.
İlk dəfə təşkil edilmiş bu beynəlxalq sərgidə Azərbaycan, Türkiyə, Meksika, Hindistan, Yaponiya, İsveçrə, İndoneziya və digər ölkələr təmsil olunublar. Sərgini Malayziyada fəaliyyət göstərən müxtəlif ali məktəblərin müəllim və tələbələri, diplomatik korpusun nümayəndələri ziyarət ediblər.
Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin Malayziyadakı səfirliyinin dəstəyi ilə dövlət atributları, Bakı şəhərinin qədim və müasir görünüşünü əks etdirən fotoşəkillər, Azərbaycan istehsalı olan məhsullar, milli geyimlər, suvenirlər, xalqımızın zəngin mədəniyyəti haqqında məlumatları özündə əks etdirən nəşrlər nümayiş olunub. Sərginin xalqımızın qədim mədəniyyətini bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı günlərinə təsadüf etdiyini nəzərə alaraq, bu bayrama xas olan şirniyyatlar da qonaqlara təqdim edilib.
Azərbaycan pavilyonunu ziyarət edənlərə ölkəmizin tarixi, təbii resursları, turizm imkanları, Novruz adət-ənənələri, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib, respublikamız haqqında qısametrajlı film nümayiş etdirilib.
MARA Texnologiya Universitetinin tələbəsi, “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qaliblərindən biri olan Amir Ridzuan Mohammad sərgidə Azərbaycan pavilyonunun təşkil olunmasına yaxından kömək göstərib.
Sərgi çərçivəsində təşkil olunmuş seminar zamanı səfirliyin ikinci katibi Eldəniz Musayev Azərbaycan-Malayziya münasibətləri, Azərbaycanda təhsilin səviyyəsi mövzularında çıxış edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur