Mədəniyyət

"Azər-İlmə" kitab buraxdı

Metbuat.az

"Azər-İlmə" bahar bayramı ərəfəsində “Qazax-Borçalı bölgəsinin xalçaçıları” adlı yeni kitab-kataloq buraxıb.



ANS PRESS xəbər verir ki, “Azər-İlmə”nin rəhbəri, Əməkdar İncəsənət xadimi, professor Vidadi Muradovun rəhbərliyi ilə reallaşan “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı fundamental elmi-tədqiqat layihəsi çərçivəsində hazırlanan və Azərbaycan Respublikası Təhsil Nazirliyində dərs vəsiti kimi qeydiyyatdan keçmiş kitab Azərbaycan, rus və ingilis dillərində nəfis tərtibatla işıq üzü görüb. Kitabın ön sözünün müəllifi və elmi redaktoru, akademik Teymur Bünyadovdur. Redaksiya heyətinə Azərbaycanın və Gürcüstanın tanınmış tarixçiləri, etnoqrafları və sənətşünasları daxildir.



“Azər-İlmə”nin Azərbaycanın xalçaçılıq mərkəzləri üzrə apardığı ekpedisiya tədqiqatlarına dair ilk nəşri “Naxçıvan xalçaçıları” (Azərbaycan, rus və ingilis dillərində, 2013) adlanırdı. Bu dərs vəsaitində Azərbaycan xalçalarının Qazax-Borçalı qrupunun coğrafi sərhədlərinə müvafiq olaraq, respublikamızın Ağstafa, Qazax, Tovuz, həmçinin Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan Bolnisi (Çörük Qəmərli), Dmanisi (Başkeçid),Tetri-Skaro (Ağbulaq), Zalqa (Barmaqsız), Marneuli (Sarvan) rayonlarının xalçaçıları, xalçaları, xalça tacirləri, boyaqçıları haqqında məlumatlar əhatə olunmuşdur. “Müəllifdən”, “Qazax-Borçalı bölgəsinin tarixinə dair” olan bölmələr oxucuya kitabın məqsəd və məramı, ekspedisiya tədqiqatları, o cümlədən ayrı-ayrı rayonların tarixi keçmişinə dair maraqlı informasiya mənbəyidir. “Azər-İlmə”nin kolleksiyasında saxlanılan Qazax-Borçalı bölgəsinə aid qədim, müxtəlif kompozisiyalı, rəngarəng xovlu və xovsuz xalçaların, xalça məmulatlarının fotoşəkilləri və bu qrup üçün səciyyəvi olan simvolların şərhi də kitab-kaqaloqa daxil edilmişdir.



Kitab-kataloq tarixçilər, etnoqraflar, sənətşünaslar, xalça mütəxəssisləri, ali və orta ixtisas məktəblərinin tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mənbə
ANS PRESS