Aprelin 2-4-də Bakıda “HOREX Caucasus 2015” sərgisi keçiriləcək
Bakı, 10 mart,
AZƏRTACAprelin 2-4 tarixlərində Bakı Ekspo Mərkəzində regionun mehmanxana və restoran sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbiri – IX Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar (“HOREX Caucasus 2015”) sərgisinə start veriləcək. Sərginin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group
Plc” şirkətləri çıxış edirlər.
“Iteca Caspian LLC”dən
AZƏRTAC-a verilən məlumata görə, yaxın gələcəkdə Azərbaycanda birinci Avropa Oyunları (“Baku 2015”), Beynəlxalq Şahmat Federasiyasının Kuboku (“FİDE 2015”), Asiya İnkişaf Bankının 48-ci İllik Toplantısı (“ABD Annual Meeting 2015”), “Formula-1” avto-yarışları üzrə dünya çempionatının mərhələsi (2016), Şahmat üzrə Dünya Çempionatı (2016) və İslam Həmrəylik Oyunları (2017) kimi çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır. Həmin tədbirlərin keçirilməsi ilə əlaqədar mehmanxana, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv tikintisi həyata keçirilir ki, bu da “HOREX Caucasus 2015” sərgisinin əhəmiyyətini daha da artırır. Belə ki, məhz bu sərgidə yeni inşa edilmiş və gələcəkdə inşa olunacaq obyektlər üçün “Mehmanxana, restoran və kafelər” (“HoReCa”) sektoru üzrə aparıcı beynəlxalq istehsalçı və distribüterlərin təklif etdikləri bütün zəruri avadanlıq və ləvazimatları,
eləcə də qida məhsulları və içkiləri seçmək mümkün olacaq.
“HOREX Caucasus 2015” sərgisində Azərbaycan, İtaliya, Koreya,
Litva, Rusiya və Türkiyənin aparıcı şirkətləri təqdim olunacaqlar. Sərgi
iştirakçıları arasında “Afidamp”, “Asena”, “Ateşe Makine Kazan”, “Billur
MS”, “Coffee Planet Azerbaijan”, “GMG”, “Günəş”, “Guven Halicilik”,
“HoReCa”, “Hotstar”, “HRS” (“Hotel & Restaurant Systems”), “Hurom”, “InterIsi”, “Refra” ASC, “Kaan Celik Kasa”, “Lactalis”, “Netsa Metal”, “RULOPAK Hijyen Sistemleri”, “Zama” və başqa şirkətlər yer alır.
Sərginin ziyarətçiləri qismində mehmanxana, ticarət və mətbəx avadanlıqları üzrə distribüterlər və istehsalçılar, habelə rəhbər şəxslər, marketinq, eləcə də restoran, mehmanxana və spa mərkəzlərinin tədarük menecerləri dəvət ediləcəklər. Həmçinin, sərginin ziyarətçiləri arasında şadlıq sarayları, supermarketlər, iaşə xidmətləri, istirahət ocaqları, sağlamlıq mərkəzləri, fitnes klublar, sanatoriya və biznes mərkəzlərinin tədarük üzrə menecerləri də olacaq.
“HOREX Caucasus 2015” sərgisi yeni məhsul və xidmətlərin nümayiş etdirilməsi üçün unikal platforma olmaqla yanaşı, qonaqpərvərlik sənayesi üzrə avadanlıq, texnologiya, məhsul və xidmətlərin istehlakçıları və istehsalçıları arasında yeni səmərəli və qarşılıqlı faydalı əlaqələrin qurulması, eləcə də faydalı müqavilələrin imzalanması və etibarlı podratçılarla iş birliyi üçün əla imkan yaradacaq.