Mədəniyyət

Aprel ayında rusdilli tamaşaçıları maraqlı tamaşalar gözləyir

Metbuat.az

Bakı, 20 mart,

AZƏRTAC

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aprel repertuarı maraqlı tamaşalarla zəngindir.


AZƏRTAC

xəbər verir ki, aprelin 2-də Fyodor Dostoyevskinin “Karamazov qardaşları”, 3-də Semyon Zlotnikovun “Ər arvadını atıb getdi” tamaşaları nümayiş olunacaq.


Teatrın kollektivi aprelin 4-də Mark Kamolettinin “Ah, bu Anna”, 5-də Andrey İvanovun “Adaxlı çağırmısınız, qızlar?”, 9-da Uilyam Şekspirin “Yay gecəsində yuxu” komediyalarını göstərəcək.


Tamaşaçılar aprelin 10-da Nizami Gəncəvinin eyniadlı poeması əsasında hazırlanmış “Yeddi gözəl”, 11-də Vladimir Stupinskinin “Artist və onun kölgəsi” tamaşalarına baxa bilərlər.


Valentina Reznikovanın “Min bir gecə” nağıllarının motivləri əsasında yazdığı “Şəhrizadın daha bir gecəsi” tamaşasının premyerası aprelin 12-də və 19-da olacaq.


Teatrın kollektivi aprelin 16-da Oleq Yernevin “Yeni il gecəsində məhəbbət intriqaları”, 17-də Pedro Kalderon de le Barkanın “Məhəbbətlə zarafat etmirlər”, 18-də Mixail Zadornovun “Ər almaq istəyirəm”, 23-də Aleksandr Ostrovskinin “Qurdlar və qoyunlar” komediyalarını nümayiş etdirəcək.


Mixail Lermontovun “Maskarad” dramı aprelin 24-də, Rey Kuninin “Həddindən artıq evli taksi sürücüsü” komediyası 25-də göstəriləcək.


Tamaşaçılar İlyas Əfəndiyevin “Büllur sarayda” dramına aprelin 26-da, Vasili Siqarevin “Yalan detektoru” komediyasına aprelin 30-da baxa bilərlər.


Teatrın kollektivi balaca tamaşaçılarını da unutmayıb. Aprelin 4-də Valentina Reznikovanın “Yeni il gecəsində sehrbazlıq”, 5-də və 19-da isə Vladimir Neverovun müvafiq olaraq “Nağılı tap!-1” və “Nağılı tap!-2” tamaşaları göstəriləcək.


Uşaqlar Aleksandr Puşkinin “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”ına aprelin 11-də baxa bilərlər. Yekaterina Çernyakın “Gözəl Vasilisa”sı aprelin 12-də, Valentina Reznikovanın “Durna balığının buyruğu ilə”, “Maşa və ayı” tamaşaları müvafiq olaraq aprelin 18-də və 26-da oynanılacaq.


Balaca tamaşaçılar aprelin 25-də Aleksandra Nikuşina və Nadir Əzimovun “Güləbətin tikən qız və süpürgəçi” müziklinə baxa bilərlər.