Şou

ANS ÇM-dən Novruz hədiyyəsi

Metbuat.az

Qafqazın ilk FM stansiyası olan ANS ÇM dinləyiçilərinə bayram sürprizi hazırlayıb. ANS PRESS-in məlumatına görə, Milli qəhrəmanın adını daşıyan radio hər kəsi Novruz konsertinə dəvət edir. Möhtəşəm konsert Xırdalan Şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksində təşkil olunacaq.



Konsert ANS ÇM radiosunun təşəbbüsü, ANS Televiziyası və AAAF Parkın dəstəyilə təşkil olunacaq. Tədbir “Kəndirbaz” şou və “Pəhləvan” şou ilə başlayıb, Novruzun gəlişini xəbər verən Bahar qızının salamlaması, Kosa və Keçəlin məzəli-duzlu zarafatları və ilə davam edəcək. Burada həmçinin “Yurdumuza Bahar gəlir” adlı canlı konsert proqramıda nəzərədə tutulub.



Konsertdə ən tanınmış və xalqın sevimli müğənniləri öz repertuarlarından milli-əhval ruhiyyəli mahnılarını ifa edəcək, maraqlı rəqs nömrələri göstəriləcək, hər kəsin vaxtının əyləncəli keçirilməsi məqsədilə maraqlı illuziya şou da nümayiş etdiriləcək.



Konsertə gələn uşaqları “Bala dili” jurnalından da hədiyyələr gözləyir. Uşaqların ən sevimli televiziya personajı olan Barni ilə bütün uşaqlar şəkil çəkdirmək imkanını əldə edəcək və Barni ilə əylənəcəklər. Barni ilə şəkil çəkdirən uşaqların şəkilləri isə “Bala dili” jurnalının növbəti saylarında dərc olunacaq. Bundan əlavə olaraq uşaqlara “Şar şou” əyləncəli proqram da təqdim olunacaq.



Novruz Bayramı münasibətilə ANS ÇM, ANS TV və AAAF Park Yaşayış Kompleksi bütün Azərbaycan xalıqını təbrik edir və hər kəsi 15 mart 2015-ci il tarixində saat 17:00-da Xırdalan şəhəri AAAF Parkda təşkil olunacaq möhtəşəm Şou konsertə dəvət edir.

Mənbə
ANS PRESS