Mədəniyyət

Ankarada tanınmış azərbaycanlı rejissorun “Zirvələrdən zirvələrə” kitabı nəşr olunub

Metbuat.az

İstanbul, 30 mart,

AZƏRTAC

Tanınmış azərbaycanlı rejissor, professor Əflatun Nemətzadənin “Zirvələrdən zirvələrə” kitabı Ankarada nəşr olunub.


Dörd bölmədən ibarət kitabın girişi və birinci bölümü “Koroğlu” operasının dünya teatrlarında səhnələşdirilməsi, dünyada tanıtdırılması və qazandığı tükənməz şöhrətdən bəhs olunur. İkinci və üçüncü bölmələrdə Azərbaycan ədəbiyyatı, elm və mədəniyyətimiz, dastanlarımız və görkəmli şəxsiyyətlərimiz barədə türkdilli oxuculara geniş məlumat verilir. Kitabın sonuncu fəslini səhnə sənətinin estetik problemlərinə həsr edən müəllif fikir və düşüncələrini oxucu ilə bölüşür, səhnə mütəxəssislərinə dəyərli tövsiyələr verir.


Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çəkən professor yazır ki, “Koroğlu” operasının dünya səhnələrini fəth etməsi, o cümlədən türkdilli ölkələrin ən mötəbər teatrlarında tamaşaya qoyulması Azərbaycanın böyük uğurları sırasındadır.


Nəfis tərtibatla oxuculara təqdim olunan kitab 472 səhifədir. Burada yerləşdirilmiş nadir fotolar oxucuda Azərbaycan xalqının yüksək mədəniyyəti, görkəmli şəxsiyyətləri barədə real təsəvvür yaradır.


Xatırladaq ki, çoxsaylı elmi kitab və monoqrafiya müəllifi olan professor Ə.Nemətzadə Azərbaycan mədəniyyətinin inkişafı və tanıdılması sahəsində böyük uğurlar qazanıb. Qardaş Türkiyənin opera və teatr səhnələrində tamaşaya qoyduğu çoxsaylı tamaşalar teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb.


Kitab Azərbaycan mədəniyyətinin ayrı-ayrı istiqamətlərinin araşdıran tədqiqatçılar üçün dəyərli vəsaitdir.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul