Mədəniyyət

Aktrisa Türkan Şahmarlı: "Milli dəyərlərimizə uyğun olmayan səhnələr idi" - FOTOSESSİYA

Metbuat.az

Aktrisa

Türkan Şahmarlı

nın Milli.Az-a müsahibəsi.



- Türkan xanım, özünüz özünüzü təqdim edin… Teatra gəlməyiniz necə oldu, bu həvəsi sizdə kim yaratdı, yaxud necə yarandı və s. kimi sualları cavablandırın zəhmət olmasa.

- Mənim balaca yaşlarımdan bu sənətə sevgim var idi. Məktəb vaxtlarından bir çox qiraət müsabiqələrinin qalibi olmuşam. Hələ o vaxtlar münsiflər heyətinin nümayəndələri deyirdilər ki, sən mütləq incəsənət sahəsində çalışmalısan. Mən həm də Nizami rayon yaradıcılıq mərkəzinin dram dərnəyində oxuyurdum. Bir çox tamaşalarda rol alırdım. Sonra gördüm ki, artıq sevdiyim yolda irəliləyirəm, ona görə də, sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə verdim. Hal-hazırda Cənnət Səlimovanın kursunda oxuyuram. Bu il diplomumu əlimə alacağam, inşallah.



- Deməli, birinci kursdan etibarən teatrda işləməyə başladınız…

- Bəli, birinci kursda oxuyarkən Bakı Uşaq Teatrında işə düzəldim. Artıq üç ildən çoxdur ki, həmin teatrdayam.



- Bir az çəkildiyiniz seriallar barəsində də danışın, zəhmət olmasa…

- “Sirr”, “3 bacı”, “Əhməd haradadır” kimi seriallarda rol almışam. Bundan başqa, baş rol təklifləri də almışam, ancaq açıq-saçıq səhnələrə çəkilmədiyim üçün onlardan imtina etmişəm.



- Sizə təklif olunan baş rolların hamısı açıq-saçıq idi?

- Hamısı yox, amma bəziləri milli dəyərlərimizə uyğun olmayan səhnələr idi.



- Bəs nə əcəb yerdə qalan baş rollardan heç birinə çəkilmədiniz?

- İndi elə insanlar kino, serial çəkir ki, orada çəkilməkdənsə, çəkilməmək yaxşıdır. Əlbəttə ki, bu, bütün rejissorlara aid deyil. Çox savadlı və istedadlı rejissorlarımız da var. Aktyor istəyir ki, onun istedadını üzə çıxarası rollar oynasın. Amma indi o cür seriallar azdır. Ona görə də hər rolla razılşamaq olmur.



- Maraqlıdır, niyə məhz Uşaq Teatrına üz tutdunuz?

- Uşaq tamaşalarında rol alan bir aktrisaya, böyüklər üçün tamaşa oynamaq çox asandır. Bilirsiniz, əslində, böyükləri öz oynadığımız rolla tamaşaya inandırmaq çox asandır, nəinki uşaqlar. Mən çətini sevirəm (gülür). Bütün rollarda xarakter tapmaq lazımdır ki, fərqlənməyi bacarasan. Böyüklər üçün olan tamaşalara baxsanız, görərsiniz ki, o obrazlar bir heyvan xarakteridir. Yəni ki, o xarakteri insan üzərinə köçürtməyi bacarmaq lazımdır. Biz Uşaq Teatrında bütün xarakterləri öyrənmişik. Mən öz teatrımızı uşaqları maarifləndirdiyimiz və teatrsevər uşaqlar yetişdirdiyimiz üçün çox sevirəm.



- Teatr sizin xarakterinizə necə təsir etdi?

- Teatr mənə hər gün yeni bir nəsə öyrədir (gülür).



- Hansı əsərin baş qəhrəmanı olmaq istəyərsiniz?

- İndi teatrlarımızda aktyorlarımız arasında rol üstündə çox davalar olur. Təbii ki, hamısı baş rol istəyir. Ancaq məncə, hər bir aktyor oynadığı rolu baş rol kimi oynasa, o rol çox mükəmməl olar. Bax buna görə də mənim üçün bütün rollar baş rol sayılır.



- Orası elədir… Amma yenə də ürəyinizdə oynamaq istədiyiniz bir rol olmamış olmaz…

- Hər yaşın özünəuyğun rolu var. Hələ ki, “Romeo və Cülyetta” da baş rolu oynamaq istərdim.



- İnşallah, qismət olar… Nişanlı deyilsiniz ki?

- Xeyr…



- Sizcə, bu sənətlə ailə həyatı alınar?

- Niyə də yox?! Əlbəttə, alınar. Hərəsinin öz yeri var. Sənətinə, işinə bir ayrı, yoldaşına, ailənə bir ayrı diqqət göstərsən, alınar. Bir də ki, çalışıb öz ailənə də sevdirməlisən çalışdığın sahəni. Firəngiz Mütəllimovanın bir sözü var. O söz, hələ də, mənim qulaqlarımda səslənir. O deyirdi ki, mən tamaşadan əlimdə gül-çiçəklə evimə gedirəm, ancaq evə çatanda qapımı özüm açıram, işığı özüm yandırıram. Düşünün ki, xalq Firəngiz xanımı necə sevir, amma evdə onun işığını yandıran bir kəsi yoxdur. Mən öz işığımı özüm yandırmaq istəyirəm.



- “İşığınızı” söndürmək istəyənlər çox olub?

- Bəlkə də, arxada hə, amma üzdə yox (gülür).



- Sənətdə irəli getmək üçün birinci nə tələb olunur?

- Sənətdə irəli getmək üçün sənət lazımdır…



- Aktrisa sözü ağır sözdür?

- Ümumilikdə, aktyor sözü ağır sözdür, lakin baxır hansı mənada. Aktyor və aktrisanın keçirdiyi hislər başqa insanların keçirdiyi hislərdən daha fərqlidir. Bəlkə ona görə onları başa düşmək çətindir. Yəni ki, hər adam onları başa düşə bilməz.



- Bir aktrisa kimi gələcəyinizə necə baxırsınız?

- İnsan hər zaman öz üzərində çalışsa, işləsə, daim inkişaf edər. Buna görə də çalışmaq lazımdır. Zəhmət çəkəndən sonra hər şey gözəl olacaq.



- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Gələcək planları gələcəyin özü göstərəcək (gülür).



- Ən azından niyyət olmalıdır…

- Təbii ki, niyyətsiz insan yoxdur. Niyyətin hara, mənzilin ora, deyib atalarımız. Mən də öz yolumu seçmişəm, niyyətim məlumdur. Artıq qarşıma çıxacaq olan “qapı”lara baxmaq vaxtıdır.



Cavidan Abdullayev
Milli.Az