Mədəniyyət

Aktrisa Sonaxanım Əliyeva: "Mənə xəyanət etdi..." - FOTOSESSİYA

Metbuat.az

Aktrisa

Sonaxanım Əliyeva

nın Milli.Az-a müsahibəsi.



- Sonaxanım xanım, təcrübəli aktrisalardan birisiniz... Hələ də “ad”a işləyirisiniz, yoxsa buna ehtiyac olmadığını düşünürsünüz daha?

- Mən heç bir zaman adı düşünüb işləməmişəm. Sadəcə olaraq, işimi çox istəyirəm, o ki qaldı ad məsələsinə həmin adı qoy mənə xalq versin.



- Xalq sizi necə adlandırıb bu vaxtacan?

- Yaratdığım hər bir obrazdakı daşıdığım adlarla... Yaxud da sevimli aktrisamız deyirlər mənə.



- Sevimli olmağı necə bacarmısınız?

- Məncə, səmimi olmağımla. Ancaq bu suala məni sevənlər daha aydın cavab verə bilərlər.



- Sizin səmimi olduğunuz qədər çevrənizdəki insanlar da səmimidirlərmi?

- Deməzdim hamısı, lakin bir hissəsi bəlkə də... Bir də ki, hamının bir-birinə qarşı səmimi olması mümkün deyil.



- Siz qeyri-səmimi olan insanları sezə bilirsiniz?

- Hərdən sezə bilirəm, hərdən isə yanılıram.



- Sizi sənətdə zirvəyə çatdıran kim və ya nə oldu?

- Bu sənətin “pik nöqtəsi” olmur. Mən də hələ pillə-pillə nələrəsə nail olmağa çalışıram. Sadəcə olaraq, mənə daha çox uğur gətirən “Pərvanələrin rəqsi” serialı və onun rejissoru Rövşən İsax oldu.



- Zirvəyə doğru gedən yolda qarşınızı kəsmək istəyənlər var?

- Əlbəttə, zaman-zaman çox olub, amma sonda haqq öz yolunu tapır.



- Siz öz yolunuzu tapa bilmisiniz?

- Çətin olsa da, məncə, tapmışam...



- Ailəlisiniz?

- Xeyr, boşanmışam.



- Çoxdan?

- Artıq yeddi ildir.



- Boşanmaq üçün ilk addımı siz atdınız, yoxsa yoldaşınız?

- Mən atdım, o, yalnız səbəbkar oldu.



- Niyə sizi bu addımı atmağa vadar etdi ki?

- Mənə xəyanət etdi.



- Deməli, sizi aldatdı...

- O, məni aldatmadı, özünü aldatdı, əslində. İnsan hər zaman düşünür ki, ay nə gözəl, mən kimisə aldatdım, amma əslində isə yalnız özünü aldatmış olur.



- Sizin özünüzü aldatdığınız məqamlar olmayıb?

- Xeyr, çünki mənim həyatda bir qanunum var. Ən böyük biclik düzlükdür.



- Bədən quruluşunuzdan razısınız?

- Razıyam, amma son zamanlar bir qədər artıq çəki atıram.



- Bunun üçün idman edirsiniz, yoxsa pəhriz saxlayırsınız?

- Hər ikisindən də istifadə edirəm.



- Hələ də fəxri ad almamısınız, sizcə, vaxtı gəlib çatmayıb?

- Məncə çatıb, amma...



- Amma nə?..

- Bu məsələni mən həll etmirəm axı...



- Hal-hazırda seriallarla bağlı vəziyyət necədir? Yeni təkliflər varmı?

- Təkliflər olur, amma mənim "Xəzər" televiziyası ilə müqaviləm var, ona görə də hələ ki, heç bir təklif qəbul edə bilmərəm.



Cavidan Abdullayev
Milli.Az