ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında Novruz şənliyi təşkil olunub
Bakı, 18 mart
AZƏRTACMartın 18-də ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında Novruz bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC
xəbər verir ki, səfirliyin əməkdaşları və onların ailə üzvlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan xalqının adət-ənənələrinə uyğun olaraq masalara xonça və səmənilər düzülmüş, milli təamlarla zəngin bayram süfrəsi açılmışdı.
Səfir Robert Sekuta Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb. O, Azərbaycanda Novruz bayramını qeyd etməkdən məmnunluğunu bildirib. Bahar fəslinin ölkələrimiz arasındakı əlaqələrə yeni nəfəs gətirəcəyinə ümidvar olduğunu söyləyən səfir ABŞ və Azərbaycanın təhlükəsizlik, iqtisadiyyat, demokratiya, qanunun aliliyi sahələrində əməkdaşlıq etdiyini xatırladıb, bu sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduqlarını vurğulayıb.
Tədbirdə iştirak edən xarici qonaqlara Novruz bayramı haqqında məlumat verilib.
Bayram şənliyi Azərbaycanın milli musiqiləri və rəqsləri ilə davam edib.
Səfirliyin əməkdaşları Novruz adət-ənənəsinə uyğun olaraq bayram tonqalının üzərindən tullanıblar.