Mədəniyyət

Aberdin Universitetində Novruz şənliyi keçirilib

Metbuat.az

Bakı, 21 mart,

AZƏRTAC

Baharın gəlişi - Novruz bayramı münasibətilə Böyük Britaniyanın Aberdin Universitetində bayram şənliyi keçirilib.


Universitetdə təhsil alan həmyerlimiz Kənan Əliyev

AZƏRTAC

-a bildirib ki, Aberdin Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə 150-dən çox yerli və xarici tələbə, eləcə də müəllimlər iştirak ediblər.


Cəmiyyətin sədri çıxış edərək xalqımızın ən qədim bayramlarından olan Novruz, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı barədə iştirakçılara ətraflı məlumat verib.


Bildirilib ki, hər il martın 20-21-i Azərbaycanda yaz fəslinin gəlişi, təbiətin canlanması, yeni ilin başlanğıcı sayılan Novruz bayramı kimi qeyd olunur. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl üzərində bərqərar olub. Novruz ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu səbəbdən xalqımız bu bayramı böyük sevinc və sevgi ilə qarşılayır.


Diqqətə çatdırılıb ki, xaricdə yaşayan soydaşlarımız bu bayramı doğma Vətəndə qeyd edə bilməsələr də, milli adət-ənələrimizi uzaq ölkələrdə də yaşatmağa çalışırlar.


Tədbirdə qonaqlar Cəmiyyətin üzvlərinin ifasında Azərbaycanın milli musiqisi və rəqsləri ilə tanış olublar. Eyni zamanda, iştirakçılara Azərbaycan mətbəxinin ləziz nümunələri, milli adətələrə uyğun olaraq hazırlanmış bayram xonçaları təqdim edilib.


Azərbaycanın milli adətlərini yüksək qiymətləndirən iştirakçılar belə maraqlı tədbirin təşkil olunmasına görə tələbələrimizə dərin təşəkkürlərini bildiriblər.