Türkiyədə son günlər təsirini artıran anomal isti hava gündəlik həyata ciddi təsir göstərir. Ölkənin ən isti bölgələrindən biri olan Şanlıurfada havanın temperaturu 47 dərəcəyə yüksəlib.

Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, Şanlıurfada temperaturun 47 dərəcəyə çatması şəhərdə həyatın ritminə də təsir edib.

Sakinlər günün ən isti saatlarında küçələrdən uzaq durmağa, sərin və kölgəli ərazilərdə qalmağa çalışıblar.

Bəzi vətəndaşlar istidən qorunmaq üçün parklara və Balıqlıgöl ərazisindəki yaşıllıqlara üz tutublar. Küçəyə çıxmaq məcburiyyətində qalanlar isə günəş çətirləri və papaqlardan istifadə ediblər.

Havanın həddindən artıq isti olması şəhərin əsas küçələrində piyadaların və nəqliyyat vasitələrinin sayının azalmasına səbəb olub. Tarixi bazarlar ərazisində isə isti hava ilə mübarizə aparmaq üçün sərinləşdirici sistemlər və ventilyatorlar işə salınıb.

Yüksək temperatur xəbərdarlığının verildiyi Hatayda da isti hava sakinləri çətin vəziyyət qarşısında qoyub. Hassa rayonunun Aktepe məhəlləsində temperaturun 40 dərəcəyə yaxınlaşması uşaqları sərinləmək üçün Karapınar dərəsinə aparıb.

Uşaqlar həftədə bir neçə dəfə dərəyə gələrək suda çimdiklərini və bu yolla isti havanın təsirini azaltmağa çalışdıqlarını bildiriblər.

Mütəxəssislər yüksək temperaturun sağlamlıq üçün risk yarada biləcəyini bildirərək günün xüsusilə isti saatlarında zərurət olmadıqca açıq havaya çıxmamağı, günəş altında uzun müddət qalmamağı və kifayət qədər su qəbul etməyi tövsiyə edirlər.