ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlara münasibət bildirərək, Tehran rəhbərliyinə etibar etmədiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, dövlət başçısı Ohayo ştatından paytaxt Vaşinqtona qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. O, İranın danışıqlar prosesi boyunca ABŞ-a dəfələrlə yalan danışdığını iddia edib: “İrana güvənmirəm. Niyə elə danışırsınız ki, guya İrana güvənirəm? İrana güvənəcək sonuncu insan mənəm. Onlar mənə daim yalan danışıblar".
ABŞ Prezidenti açıqlamasında regiondakı vəziyyətə, xüsusilə də Hörmüz boğazına da toxunub. O, İranın bu strateji su yoluna nəzarət etmədiyini, ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədə tam nəzarəti ələ aldığını iddia edib.
Donald Trampın İranla bağlı sərt açıqlamaları iki ölkə arasında davam edən gərgin münasibətlər fonunda diqqət çəkib. Trampın sözləri Vaşinqtonla Tehran arasında mümkün danışıqların gələcəyi ilə bağlı yeni suallar yaradıb.