Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 8 milyard 797,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % çoxdur.

Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2,4 %, bitkiçilik məhsullarının istehsalı isə 3,2 % çoxalıb. Məhsulun 50,6 %-i bitkiçiliyin, 49,4 %-i heyvandarlığın payına düşür.

Yanvar-iyun dövründəki 2,2 %-lik göstərici iyul ayının sonuna 2,8 %-ə yüksəlib və bunu bitkiçilik təmin edib. Bu sahədə artım 1,8 %-dən 3,2 %-ə çatıb, heyvandarlıqda isə artım tempi 2,5 %-dən 2,4 %-ə düşüb.

Hesabat dövründə diri çəkidə 348,2 min ton ət, 1 milyon 317,3 min ton süd, 1 milyard 426,3 milyon ədəd yumurta, 13,5 min ton yun, 155,8 ton barama istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 3,8 %, süd istehsalı 0,1 %, yumurta istehsalı 0,7 % artıb, yun istehsalı 1,9 %, barama istehsalı isə 16,5 % azalıb.