Bu gündən etibarən Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ən vacib mərhələlərdən biri - ixtisas seçimi başlayır. İmtahan həyəcanını geridə qoyan minlərlə gənc qarşıdakı günlərdə topladığı bala uyğun olaraq gələcək ixtisas və universitet seçiminə qərar verməlidir. Valideynlər də övladlarının düzgün seçim etməsi üçün bu mərhələdə ciddi araşdırma aparırlar.

Metbuat.az xəbər verir ki, ixtisas seçimi zamanı abituriyentləri ən çox düşündürən məsələlərdən biri isə builki keçid ballarının necə formalaşacağıdır. Xüsusilə ötən illə müqayisədə hansı ixtisas qruplarında balların aşağı düşə biləcəyi sualı hazırda geniş müzakirə olunur.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən təhsil eksperti Kənan Məmmədovun sözlərinə görə, bu il keçid ballarının formalaşmasına bir neçə əsas amil təsir göstərəcək. Burada abituriyentlərin imtahan nəticələri, plan yerlərinin sayı, ixtisaslara olan tələbat və həmin ixtisaslar üzrə rəqabətin səviyyəsi mühüm rol oynayır: “Mövcud nəticələr və ümumi statistika nəzərə alındıqda, bəzi ixtisas qruplarında keçid ballarının ötən illə müqayisədə nisbətən aşağı düşməsi mümkündür. Xüsusilə texniki və təbiət elmləri istiqamətində, eləcə də plan yerlərinin artırıldığı bəzi ixtisaslarda bu cür dəyişiklik ehtimalı daha yüksəkdir”.

Ekspertin fikrincə, I və II ixtisas qruplarında dövlət sifarişi üzrə yerlərin çoxluğu, eyni zamanda bəzi fənlər üzrə sualların abituriyentlər üçün daha çətin olması keçid ballarına təsir göstərə bilər. Bu amillər nəticəsində müəyyən ixtisaslarda ötən illə müqayisədə daha aşağı nəticə ilə qəbul imkanının yaranması mümkündür.

III ixtisas qrupuna gəlincə, burada vəziyyət bir qədər fərqlidir. Humanitar və sosial istiqamətli ixtisaslara marağın ənənəvi olaraq yüksək olduğunu qeyd edən ekspert bu qrupda rəqabətin ciddi olaraq qalacağını düşünür. Bu səbəbdən III qrup üzrə keçid ballarında kəskin enişin baş verməsi real görünmür. Xüsusilə hüquq, beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və digər populyar ixtisaslarda rəqabətin yüksək olması balların ciddi şəkildə aşağı düşməsinə imkan verməyə bilər.

Ekspert abituriyentlərə seçim zamanı yalnız ötən ilin keçid ballarına əsaslanmamağı tövsiyə edib. Onun sözlərinə görə, əvvəlki ilin göstəriciləri yalnız istiqamətverici məlumat kimi qəbul edilməlidir. Çünki hər il plan yerlərinin sayı, imtahan nəticələri və ixtisaslara olan maraq dəyişir. Nəticədə eyni ixtisas üzrə keçid balı əvvəlki ildən əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Kənan Məmmədovun sözlərinə görə, “Abituriyentlər ixtisas seçərkən öz ballarını real qiymətləndirməli və seçim siyahısını düzgün qurmalıdırlar. Siyahıda yalnız yüksək keçid ballı ixtisasların yer alması qəbul riskini artırır. Buna görə də daha yüksək nəticə tələb edən ixtisaslarla yanaşı, abituriyentin topladığı bala uyğun və nisbətən aşağı keçid ballı ixtisasların da seçimə daxil edilməsi vacibdir”, - Məmmədov belə deyib.

Ekspert vurğulayıb ki, düzgün kodlaşdırma və ixtisasların ardıcıllığının düşünülmüş şəkildə müəyyənləşdirilməsi qəbul prosesində mühüm əhəmiyyət daşıyır. Abituriyent öz istəyini nəzərə almaqla yanaşı, real qəbul şanslarını da düzgün hesablamalıdır.