İranın ali rəhbəri Ayətullah Əli Xameneinin və bir neçə yüksək rütbəli hərbçinin fevralın 28-də İsrailin təşkil etdiyi hücum nəticəsində öldürülməsi ictimai diqqəti bu məsələyə yönəldib. ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin neçə gün davam edəcəyi, nəticələri və regionun gələcəyinə hansı formada təsir edəcəyi müzakirə mövzusu olaraq qalır.

Metbuat.az xəbər verir ki, çoxsaylı suallar fonunda İran prezidenti Məsud Pezeşkianın gələcək taleyi də böyük maraq doğurur. Dövlət başçısının fevralın 28-də başladılan hərbi əməliyyat zamanı öldürüldüyü bildirilsə də, sonradan bu məlumat təkzib olundu. Ortaya sual çıxır: İsrail Pezeşkianı niyə öldürmədi?

Qeyd etmək yerinə düşər ki, ali rəhbərdən fərqli olaraq İran prezidenti Məsud Pezeşkian icraedici hakimiyyətin başçısıdır. Yəni İranın siyasi arxitekturasında əsas strateji qərarlar ali dini rəhbərlik və təhlükəsizlik strukturları tərəfindən formalaşdırılır. Bu baxımdan sistem prezidentdən asılı deyil. Sözsüz ki, İsrail İranla bağlı plan tərtib edərkən bu vacib məqamı nəzərdən qaçırmayıb. Belə situasiyalarda qərarverici şəxsin zərərsizləşdirilməsi daha məqbul sayılır.

Digər tərəfdən, prezident daha çox siyasi və diplomatik fiqurdur. Onun hədəf alınması beynəlxalq aləmdə açıq dövlət terroru kimi qiymətləndirilə və ciddi diplomatik təcridə səbəb ola bilər. Halbuki hərbi və ya təhlükəsizlik strukturlarına qarşı gizli əməliyyatlar geosiyasi praktikada fərqli kontekstdə təqdim olunur.

Bundan başqa, İran daxilində prezidentin aradan götürülməsi sistemdə köklü dəyişiklik yaratmaya bilər. Əksinə, bu addım cəmiyyətdə milli həmrəyliyi gücləndirə və daha sərt xətt tərəfdarlarını önə çıxara bilər. Strateji baxımdan isə əsas məqsəd şəxslərdən çox struktur və imkanların məhdudlaşdırılmasıdır.

Beləliklə, nəzəri paralellik aparıldıqda aydın olur ki, fərdi liderlərlə bağlı qərarlar emosional deyil, geosiyasi risk, beynəlxalq reaksiyalar və uzunmüddətli strateji nəticələr əsasında qiymətləndirilir.

Dövlətlər üçün bəzən ən effektiv addım birbaşa hədəf almaq deyil, balansı nəzarətdə saxlamaqdır.

Nazim Hüseynzadə / Metbuat.az