Rövşən Rzayev ölkənin ictimai-siyasi həyatında kifayət qədər tanınan fiqurlardan biridir. 64 yaşlı Rzayev uzun illərdən bəri “vitrin”də qalmağı bacarır.

Metbuat.az xəbər verir ki, o, 1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olub. Mərhum dövlət xadimi, ədliyyə general-mayoru Şükür Rzayevin oğludur.

Əksər deputatlar və məmurlar kimi Rövşən Rzayev də iki ali təhsilə sahibdir. Rövşən müəllim 1986-cı ildə indiki Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Görünür, hüquqşünas olmaq arzusunu boğa bilmədiyi üçün ikinci dəfə eyni təhsil ocağına üz tutub. O, 31 yaqşında Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Rzayev üçün əlamətdar olan bu hadisə 1993-cü ildə baş verib.

Rövşən Rzayev karyerasına ədliyyə orqanlarında başlayıb. 1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildə 101 saylı Xanlar - Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilib və parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb.

Rövşən Rzayev Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

Fotoda: Rövşən Rzayev

Nazim Hüseynzadə / Metbuat.az