"Şəkərli diabet xəstələrinin müayinəsi və dərman təminatı sahəsində TƏBİB tərəfindən xüsusi tədbirlər həyata keçirilir".
Bu fikirləri Metbuat.az-a açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Şəmkir Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan media-tur zamanı bildirib.
"Bir sıra xəstəliklərlə yanaşı, şəkərli diabetlə əlaqədar müvafiq Dövlət Proqramı mövcuddur. Xəstəxanalar aylıq əsaslarla ixtisaslı həkim müayinəsindən keçməlidirlər. Bu müayinələr xəstəliyin gedişini izləmək üçün vacibdir. Eyni zamanda, şəkərli diabet xəstələri üçün dərmanların paylanması hər ayın 10-dək imtiyazlı apteklər tərəfindən həyata keçirilir."
O əlavə edib ki, bu istiqamətdə TƏBİB tərəfindən elektron sistem də yaradılıb:
"Sistem xəstələrin qeydiyyatı prosesini təmin edir. Bu, şəkərli diabet xəstələrinin sayını dəqiqləşdirməyə və dərman təminatını optimallaşdırmağa imkan verir. Yaxın gələcəkdə hər bir xəstə üçün ona dərmanın verilməsi barədə fərdi məlumatlar da sistemdə yerləşdiriləcək".