"Şəmkir Rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə mütəmadi monitorinqlər həyata keçirilir".

Bu fikirləri Metbuat.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli bildirib. O qeyd edib ki, 2025-ci il ərzində xəstəxanada 9 monitorinq aparılıb. Hikmət İbrahimli əlavə edib ki, monitorinqlər zamanı infrastruktur, texniki avadanlıqların vəziyyəti, pasiyent qəbulu və qeydiyyat prosesləri diqqətlə qiymətləndirilir.

"Şəmkir Rayon Mərkəzi Xəstəxanasında demək olar ki, Xidmətlər Zərfinə daxil olan əsas tibbi istiqamətlər üzrə təminat mövcuddur. Bu da bölgə sakinlərinin ehtiyac duyduğu tibbi xidmətləri yerindəcə, yəni digər şəhərlərə müraciət etmədən almasına şərait yaradır. Monitorinqlərin davamlı aparılması tibb müəssisələrində xidmətlərin standartlara uyğun təşkil olunmasını təmin edir və pasiyent məmnuniyyətinin yüksəldilməsinə xidmət edir. Xəstəxananın müxtəlif ixtisaslar üzrə şöbələrinin fəaliyyəti də mütəmadi olaraq təhlil olunur ki, müasir tibbi avadanlıqlardan maksimum istifadə olunsun və xəstələrə keyfiyyətli xidmət göstərilsin".

Qeyd edək ki, ötən ildən bu ilin iyul ayına qədər xəstəxanada 1 083 258 tibbi xidmət göstərilib. Məhz icbari tibbi sığortanın tətbiqi nəticəsində bölgə əhalisi əlavə xərc və vaxt sərf etmədən zəruri tibbi xidmətlərdən yararlana bilib.