Xəbər verdiyimiz kimi, ötən gün “Qarabağ” – “Kopenhagen” matçının 28-ci dəqiqəsində Abdullah Zubirin vurduğu qolu emosional şəkildə qeyd edən azarkeşlərdən biri yıxılaraq xəsarət alıb. TƏBİB-dən verilən məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxsə ilkin tibbi yardım göstərilib və sağ dizin travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub”.

Metbuat.az Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna həmin azarkeşin hazırki vəziyyəti ilə bağlı sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, “Qarabağ” – “Kopenhagen” oyununda azarkeş Hacıyev Əli Mübariz oğlu yüngül xəsarət alaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib.

“Müayinələr nəticəsində diz qapağı çıxığı diaqnozu təsdiqlənib. Pasiyentə zəruri tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb”, - deyə açıqlamada qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az