Yer kürəsinin fırlanmasının gözlənilmədən sürətlənməsi nəticəsində qarşıdakı həftələrdə üç gün adi vaxtdan daha qısa olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Beynəlxalq Fırlanma və İstinad Sistemləri Xidməti məlumat yayıb.

Bildirilib ki, adətən, Yer kürəsinin gündəlik fırlanması təxminən 86.400 saniyəyə — yəni 24 saata — bərabər olsa da, lakin bu yayda üç gün bu göstəricidən 1,51 millisekund daha az olacaq.

Beynəlxalq Fırlanma və İstinad Sistemləri Xidməti (IERS) müəyyən edib ki, 9 iyul, 22 iyul və 5 avqust tarixlərində zaman qısalacaq və bu günlər 2020-ci ildən bəri qeydə alınan ən qısa günlər sırasında olacaq. Qeyd olunan tarixlərdə Ay ekvatora nisbətən ən uzaq nöqtədə olacaq, bu da Yer kürəsinin fırlanma sürətinə təsir göstərəcək.

2020-ci ildən bəri ən qısa gün isə 5 iyul 2024-cü il tarixində qeydə alınıb. Bu gün orta göstəricidən 1,66 millisekund daha qısa olub. Alimlər hələ də bu sürətlənmənin konkret səbəbini müəyyən edə bilməyiblər.

“Bu sürətlənmənin səbəbi izah olunmur. Əksər alimlər bunun Yer kürəsinin daxilində baş verən hadisələrlə bağlı olduğunu düşünür. Okean və atmosfer modelləri bu qədər böyük sürətlənməni izah etmir”, - deyə Kaliforniya Universitetinin Scripps Okeanoqrafiya İnstitutundan geofizik Duncan Agnew bildirib.

Qeyd edilib ki, Yer kürəsində günlər həmişə 24 saat olmayıb. Məsələn, Bürünc dövründə Yer kürəsinin fırlanması təxminən 23 saat çəkib.