Siyasət

Sülh sazişinin taleyini bu məsələ həll edə bilər -

Açıqlama

Metbuat.az

"Paraflanmış sülh sazişinin imzalanmasının qarşısındakı əsas hüquqi maneə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır".

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib. Politoloqun sözlərinə görə, Baş nazir Nikol Paşinyan hakimiyyəti Konstitusiyanın dəyişdirilməsinə hazır olduğunu bəyan etsə də, mövcud qanunvericilik bu prosesi asanlaşdırmır:

"Ermənistan Konstitusiyasının 202-ci maddəsinə əsasən, yeni Konstitusiyanın qəbulu və ya ona dəyişiklik edilməsi təşəbbüsü parlament deputatlarının üçdə biri və ya 200 min seçici tərəfindən irəli sürülə bilər. Lakin layihənin referenduma çıxarılması üçün parlament deputatlarının üçdə ikisinin dəstəyi tələb olunur.

Hakim "Vətəndaş müqaviləsi" partiyası hökuməti formalaşdırmaq üçün kifayət qədər mandat qazansa da, Konstitusiya çoxluğunu əldə edə bilməyib. Bu isə referenduma getmək üçün əlavə altı deputatın dəstəyinin zəruri olduğu anlamına gəlir".

Nərimanlı qeyd edib ki, bunun iki mümkün yolu var: ya müxalifətdən altı deputatın səsini almaq, ya da növbədənkənar parlament seçkilərinə getmək. Onun fikrincə, hər iki variantın reallaşması kifayət qədər çətindir. Müxalifət artıq referenduma imkan verməyəcəyini bəyan edib, növbədənkənar seçkilər isə Paşinyan hakimiyyəti üçün siyasi risklər yaradır.

Politoloq seçkilərdən sonra Ermənistanın ədliyyə naziri Srbuhi Galyanın "referendum xalqın birbaşa hüququdur" açıqlamasına da diqqət çəkib. Onun qənaətincə, bu bəyanat hakimiyyətin parlamentdə tələb olunan üçdə iki səs baryerini aşmaq üçün alternativ hüquqi mexanizmlər axtardığını göstərə bilər:

"Mövcud vəziyyət müəyyən mənada Paşinyan üçün də sərfəlidir. Onun fikrincə, konstitusion çoxluğa malik olmayan hakimiyyət Rusiya üçün daha az təhlükə hesab olunur. Eyni zamanda Bakı və Ankara Paşinyanı Konstitusiya dəyişikliyini həyata keçirərək yekun sülh sazişini imzalaya biləcək əsas siyasi fiqur kimi görür. ABŞ və Avropanın regional planlarında da Paşinyana real alternativ görünmür".

Politoloqun qənaətinə görə, İrəvandan Bakıya müsbət siqnallar gəlsə də, yekun sülh sazişinin imzalanması və regionda yeni mərhələyə keçid prosesi hələ də mürəkkəb hüquqi və siyasi amillərdən asılı olaraq qalır.