Salah “Trabzonspor”da nə qədər maaş alacaq?
Misir millisinin ulduzu Məhəmməd Salahın “Trabzonspor”a transferi Türkiyə futbolunda günün ən çox müzakirə olunan mövzusuna çevrilib. Bu gün Türkiyəyə gəlməsi gözlənilən futbolçunun maliyyə şərtləri də bəlli olub.
Metbuat.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, “bordo-mavililər” Salahla 2 illik müqavilə barədə prinsip razılığı əldə edib.
Məlumata əsasən, "Trabzonspor" misirli hücumçuya mövsüm başına 17 milyon avro maaş ödəyəcək. Bununla da Salah klub tarixinin və Türkiyə futbolunun ən yüksək maaş alan futbolçularından birinə çevriləcək. Bildirilir ki, müqavilədə müxtəlif bonusların da yer alması nəzərdə tutulub.
Xatırladaq ki, "Trabzonspor" rəhbərliyi Salahın transfer danışıqlarına başladığını rəsmən açıqlayıb. Təcrübəli futbolçunun tibbi müayinədən keçmək üçün bu gün Türkiyəyə gəlməsi, daha sonra isə rəsmi müqaviləyə imza atması gözlənilir.