“Qalatasaray”ın ulduzu ilk oyunda meydanda olmayacaq
Türkiyənin “Qalatasaray” klubu yeni mövsüm öncəsi növbəti xoşagəlməz vəziyyətlə üzləşib. Komandanın əsas müdafiəçilərindən olan Vilfrid Singo zədəsini tam bərpa edə bilmədiyi üçün Super Liqanın ilk turunda "Çorum FK" ilə keçiriləcək görüşdə forma geyinə bilməyəcək.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, Fil Dişi Sahili millisinin heyətində 2026-cı il dünya çempionatında zədələnən 25 yaşlı futbolçunun müalicəsi davam edir. Həkimlər Singonun tam hazır vəziyyətə gəlməsi üçün daha təxminən iki həftəyə ehtiyac olduğunu bildiriblər. Bu səbəbdən baş məşqçi Okan Buruk mövsümün ilk rəsmi qarşılaşmasında müdafiə xəttini fərqli oyunçularla qurmağa məcbur qalacaq.
Qeyd edək ki, ötən mövsüm sarı-qırmızılıların heyətində 29 oyunda forma geyinən Singo 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.