“Qalatasaray” “Arsenal”ın 2 ulduzunu birdən istəyir
Yay transfer pəncərəsi dövründə heyətinə yalnız Lesli Uqoçukvunu qatan “Qalatasaray” bu istiqamətdə hazırlıqlarının davam etdirir. Azarkeşlərin və klub ictimaiyyətinin narahatlığını nəzərə alan prezident Dursun Özbek rəhbərliyə yeni transferlərin qısa zamanda tamamlanması ilə bağlı göstəriş verib.
Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, sarı-qırmızılı klub bu çərçivədə diqqətini İngiltərəyə yönəldib. İstanbul təmsilçisi “Arsenal”ın iki hücumameyilli futbolçusunu - braziliyalı vinger Qabriel Martinelli və gənc hücumçu Etan Nvanerini heyətinə qatmaq üçün danışıqlara başlayıb.
“Qalatasaray” ilk olaraq 25 yaşlı Martinelli üçün London klubuna rəsmi təklif göndərib. Təklifin 5 milyon avro icarə haqqı və 35 milyon avro məcburi satınalma şərtindən ibarət olduğu bildirilir. “Milan”ın Rafael Leao üçün 50 milyon avro tələbindən geri addım atmamasından sonra “Qalatasaray”ın diqqətini tamamilə Martinelliyə yönəltdiyi qeyd olunur.
Sarı-qırmızılıların transfer siyahısındakı digər futbolçu isə “Arsenal”ın 19 yaşlı ulduzu Etan Nvaneridir. 10 nömrə mövqeyində çıxış edən gənc futbolçunun komandadan ayrılmasına İngiltərə klubunun rəhbərliyinin müsbət yanaşdığı iddia edilir.
“Qalatasaray” rəsmilərinin İngiltərəyə səfər edərək hər iki futbolçu ilə bağlı şərtləri müzakirə edəcəyi və Martinelli ilə Nvanerinin transferini vahid paket şəklində yekunlaşdırmağa çalışacağı gözlənilir.
Nvanerinin transferində “Qalatasaray” rəqabətlə də üzləşib. Gənc futbolçunun xidmətində “Borussiya Dortmund” və “Leypsiq” klublarının da maraqlı olduğu bildirilir.