Klubsuz qalan məşhur futbolçu depressiyaya düşdü
Türkiyənin “Beşiktaş” klubunun transfer təklifini qəbul etməyən və ötən mövsümü “Aton Villa”da kiralıq keçirən ingiltərəli futbolçu Ceydon Sanço hazırda karyerasının ən çətin dövrlərindən birini yaşayır.
Metbuat.az xəbər verir ki, İngiltərə mətbuatının yaydığı məlumata görə, 25 yaşlı cinah oyunçusu transfer pəncərəsinin sonuna yaxın hələ də özünə yeni klub tapa bilməyib. Bu vəziyyət futbolçunun psixoloji durumuna da mənfi təsir göstərib. İddialara əsasən, Sanço uzun müddətdir qeyri-müəyyənlik içində qaldığı üçün dərin depressiya yaşayır və karyerasını davam etdirəcəyi komandanı səbirsizliklə gözləyir.
Xatırladaq ki, yay transfer dövründə "Beşiktaş" futbolçunu heyətinə cəlb etmək istəsə də, Sanço karyerasını Türkiyə Super Liqasında davam etdirmək variantını qəbul etməmişdi. Lakin sonrakı dövrdə Avropanın aparıcı klublarından da gözlədiyi təklifləri ala bilməyən futbolçu hazırda klubsuz qalıb.
Mənbələrin bildirdiyinə görə, Sançonun əsas məqsədi yenidən İngiltərə Premyer Liqasında və ya Avropanın "böyük beşlik" çempionatlarından birində çıxış etməkdir. Bununla belə, transfer bazarında gözlənilən təkliflərin gəlməməsi onun gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırıb.