İnsanlar niyə ölüm haqqında düşünməkdən qaçır?
İnsan gündəlik qayğıların, gələcək planların və bitmək bilməyən təlaşın içində yaşayarkən ölüm həqiqətini şüuraltı olaraq özündən uzaqlaşdırmağa çalışır. Sanki bu dünyada həmişəlik qalacaqmışıq kimi planlar qurur, xırda problemləri böyüdür, zamanı isə tükənməz hesab edirik. Halbuki ölüm həyatın ən qaçılmaz və dəyişməz reallığıdır.
Bəs insanı bu mütləq sonluq haqqında düşünməkdən çəkindirən səbəblər nələrdir?
Psixoloq Vüsalə Rüstəm Metbuat.az-a açıqlamasında bildirib ki, insanların ölüm haqqında düşünməkdən qaçmasının əsas səbəbləri arasında dərin psixoloji müdafiə mexanizmləri və varlıq qorxusu dayanır. Onun sözlərinə görə, insan şüuru öz yoxluğunu təsəvvür etməkdə çətinlik çəkir:
“İnsan şüuru öz yoxluğunu qəbul etməkdə çətinlik çəkir. Çünki beynimiz üçün “bizim olmadığımız bir dünya” anlayışını təsəvvür etmək həm abstrakt, həm də qorxuludur. Psixologiyada “dəhşət idarəetmə nəzəriyyəsi” kimi tanınan yanaşmaya görə, insanlar ölüm həqiqətinin yaratdığı qorxu və narahatlığın öhdəsindən gəlmək üçün gündəlik rutinlərə, karyera məqsədlərinə, sosial statusa və gələcəklə bağlı planlara sığınırlar”.
Fotoda: psixoloq Vüsalə Rüstəm
Psixoloq qeyd edib ki, insanın özünə yaratdığı bu məşğulluq hissi müəyyən mənada psixoloji müdafiə rolunu oynayır. Gündəlik həyatın qayğıları, iş, ailə, sosial münasibətlər və gələcək planları insanın diqqətini ölüm düşüncəsindən yayındırır.
“İnsan bir növ illüziya yaradır və zehni vasitəsilə özünü təhlükəsizlikdə hiss etməyə çalışır. Ölüm haqqında düşünmək isə insanda nəzarəti itirdiyi hissini yaradır. Çünki ölüm bizim idarə edə bilmədiyimiz ən mühüm reallıqlardan biridir. İnsan isə təbiəti etibarilə həyatında baş verən proseslərə nəzarət etmək istəyir”, - deyə V.Rüstəm vurğulayıb.
Psixoloqun fikrincə, müasir cəmiyyətin formalaşdırdığı həyat tərzi də insanın ölüm və qocalıq haqqında düşünməsini arxa plana keçirir. Xüsusilə sosial media və kütləvi informasiya vasitələrində daim gənclik, uğur, gözəllik, sağlamlıq və həzz üzərindən qurulan həyat modeli təbliğ olunur.
“İnsanlar ölümü xatırladıqları anda öz fani varlıqları ilə üz-üzə qalırlar. Bu qarşılaşma isə bir çox insanlarda dərin narahatlıq yaradır. Müasir cəmiyyət də müəyyən mənada bu narahatlıqdan uzaqlaşmağa imkan verən bir həyat tərzi formalaşdırıb. İnsan daim məşğul olur, yeni məqsədlər müəyyənləşdirir, daha çox qazanmağa, daha çox əldə etməyə çalışır. Beləliklə, ölüm düşüncəsi gündəlik həyatın arxa planında qalır”, - deyə psixoloq bildirib.
Vüsalə Rüstəm hesab edir ki, ölüm haqqında düşünmək mütləq şəkildə pessimizm və ya həyatdan soyumaq anlamına gəlmir. Əksinə, insan ölümü həyatın təbii və qaçılmaz hissəsi kimi qəbul etdikdə sahib olduğu zamanın və münasibətlərin dəyərini daha yaxşı anlaya bilər.
“Ölümün varlığını tamamilə inkar etmək əvəzinə, onu həyatın təbii bir parçası kimi qəbul etmək insana yaşadığı anın dəyərini daha yaxşı anlamağa, münasibətlərində daha səmimi olmağa və vaxtını daha mənalı keçirməyə kömək edə bilər. İnsan həyatın sonlu olduğunu dərk etdikcə bəzi məsələlərin əslində düşündüyü qədər vacib olmadığını da görə bilir”, - Vüsalə xanım əlavə edib.
Psixoloqun sözlərinə görə, ölüm haqqında düşünməkdən tamamilə qaçmaq insanın həyatla bağlı prioritetlərini də yanlış müəyyənləşdirməsinə səbəb ola bilər. Çünki həyatın bir gün başa çatacağını qəbul etmək insana vaxtını nəyə sərf etdiyini, kimlərlə münasibət qurduğunu və hansı dəyərlərin onun üçün həqiqətən vacib olduğunu yenidən düşünmək imkanı verir.
Bəlkə də buna görə ölüm haqqında düşünmək həyatın özündən uzaqlaşmaq deyil, əksinə, onun qiymətini daha dərindən anlamağın yollarından biridir. İnsan ölümün qaçılmaz olduğunu qəbul etdikcə bu günün, sevdiklərinin və sahib olduğu zamanın dəyərini daha aydın görə bilər.